Azərbaycanın iddialı agentliyi Türkiyənin futbol bazarına daxil olur - FOTOLAR

14:00 Bizimkilər 152
Azərbaycanın iddialı agentliyi Türkiyənin futbol bazarına daxil olur - FOTOLAR

Azərbaycanın gənc və iddialı futbol menecmenti qurumlarından olan "Asadov Pro Bridge" agentliyi Türkiyə futbol sənayesinə inteqrasiya istiqamətində mühüm addımlar atır.

Agentliyin təsisçisi, FIFA lisenziyalı agent Emil Əsədov qardaş ölkənin futbol ekosisteminə daxil olmaq və beynəlxalq əməkdaşlıq platforması qurmaq məqsədilə 10 günlük intensiv səfərə çıxıb.

Peşəkar tanışlıq və "Göztepe" təcrübəsi

Emil Əsədov Səfərin ilk dayanacağı olan İzmirdə hazırda Türkiyə Super Liqasının ən diqqətçəkən layihələrindən biri olan "Göztepe"nin rəhbərliyi ilə bir araya gəlib. Klubun CEO-su Kerem bəy və İdman direktoru Ivan Mance ilə keçirilən görüşdə müasir futbolun idarəedilməsi, skautinq meyarları və klubun gələcək hədəfləri müzakirə olunub. Görüşün sonunda “Göztepe” tərəfindən Azərbaycanlı agentə göstərilən diqqət xüsusilə qeyd edilməlidir. Emil Əsədova klub rəhbərliyi tərəfindən üzərində adı və soyadı yazılmış özəl "Göztepe" forması hədiyyə edilib. Bu jest yeni qurulan əlaqələrin gələcəkdə hər iki tərəf üçün faydalı ola biləcəyinə dair müsbət siqnal kimi qiymətləndirilir.

Akademiyalardan böyük klublara

"Asadov Pro Bridge" Türkiyə futboluna kompleks yanaşma sərgiləməyə çalışır. Səfər proqramına yalnız peşəkar komandalar deyil, həm də gələcək istedadların yetişdiyi futbol akademiyaları daxildir. Emil Əsədovun “Qalatasaray”, “Beşiktaş” və “Başakşehir” kimi nəhəng klubların həm rəhbərliyi, həm də akademiya rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Bu görüşlərdə əsas məqsəd:
* Azərbaycanlı gənc oyunçuların Türkiyənin yüksək səviyyəli akademiyalarına cəlb edilməsi imkanlarını araşdırmaq;

* Müasir hazırlıq metodologiyaları üzrə təcrübə mübadiləsi aparmaq;

* Klubların gələcək transfer prioritetlərini öyrənərək agentliyin oyunçu bazasını buna uyğunlaşdırmaqdır.

Beynəlxalq əməkdaşlıq: Agentlərlə şəbəkələşmə

Səfərin digər vacib komponenti Türkiyənin tanınmış futbol agentləri və menecment şirkətləri ilə qurulacaq əlaqələrdir. "Asadov Pro Bridge" bu görüşlər vasitəsilə ortaq transfer layihələri həyata keçirməyə, oyunçuların beynəlxalq bazarda ortaq təmsilçiliyinə və Azərbaycan futbolçusu üçün Türkiyə üzərindən Avropaya yeni qapılar açmağa çalışır.

Marşrut: Kocaeli, İstanbul, Bursa və Ankara
İzmirdəki uğurlu startdan sonra Emil Əsədovun səfəri "zəncirvari marşrut” üzrə davam edəcək. Qarşıdakı günlərdə Kocaeli, İstanbul, Bursa və Ankara şəhərlərindəki klublarla görüşlər planlaşdırılır. Transfer mövsümü başlamazdan əvvəl həyata keçirilən bu fəallıq, "Asadov Pro Bridge"in regionda peşəkar və etibarlı bir tərəfdaş kimi özünü təsdiq etmək səylərinin bir hissəsidir. Emil Əsədovun bu cəhdləri Azərbaycan futbol agentliyi modelinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan önəmli addımlardan biri hesab olunur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti