Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxa biləcək

14 Mart 16:30 Bizimkilər 269
Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxa biləcək

“Qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

A.Vəliyev bildirib ki, bu da sui-istifadə hallarının artmasına səbəb ola bilər: “Qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər. Təklif olunan dəyişiklik qəbul edilərsə, yuxarıda qeyd olunan sui-istifadə hallarının qarşısı alınacaq”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verilməsi tətbiq ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti