Rahil Polşa komandasında “11-lik” uğrunda görün kiminlə mübarizə aparacaq!

22 Yanvar 2024 22:20 Bizimkilər 1 974
Rahil Polşa komandasında “11-lik” uğrunda görün kiminlə mübarizə aparacaq!

2018-ci ildən “Qarabağ”ın formasında görməyə alışdığımız Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.

28 yaşlı futbolçu legioner həyatı yaşamağa qərar verib ki, bundan sonra “LKS Lodz”un uğurları üçün tər tökəcək.

Ektraklassada qalmaq uğrunda mübarizə aparan Lodz təmsilçisi məqsədinə çatmaq üçün Rahili komandaya cəlb edib. Yəni, millimizin üzvünün təcrübəsi hesabına müdafiə xəttini gücləndirmək niyyətindədir.

İndi hər kəsi maraqlandıran sual Məmmədovun yeni komandasının əsas heyətində möhkəmlənməsinin mümkünlüyüdür.

Bu məqsədlə Polşa təmsilçisinin çempionatın ilk yarısında keçirdiyi 18 oyuna nəzər yetirib, həmyerlimizin “11-lik” şanslarını dəyərləndirdik.

Baş məşqçinin müdafiənin mərkəzində mütəmadi şans verdiyi Naço Monsalve idi. İspaniyalı arxa xətt oyunçusu ilk dövrədə 13 oyunun hamısında ilk dəqiqələrdən şans qazanmışdı.

Lakin o, artıq komandada deyil, Sequndaya qayıdıb. Məmmədov da çox güman onun yerinə cəlb olunub.

35 yaşlı Adam Marçinyak əsas heyətin dəyişməz üzvü hesab olunmasa da, 8 görüşdə meydanda olub, bunların 6-da “11-lik”də yer alıb.

Baş məşqçi Pyotr Stokovleçin ən çox güvəndiyi adların başında Marçin Fils dayanır. O da mərkəz müdafiəçisidir və 13 matçda əsas heyətdə yer alıb.

Rahil üçün təhlükəli ad deyil. Çünki o, müdafiənin mərkəzinin sol cinahına cavabdehlik daşıyır. Həmyerlimiz isə sağ qanada nəzarət edir.

Məmmədovun “11-lik” uğrundakı əsas rəqibi əslən türk, amma İsveçrə vətəndaşlığını daşıyan Levent Gülendir.

Vaxtilə “Kayserispor”un heyətində Super Liqada mübarizə aparmış 29 yaşlı futbolçu Ekstraklassanın ilk yarısında 6 oyunda meydanda olub, bunların 4-də ilk dəqiqələrdən top dalınca qaçıb.

Beləliklə, hazırda “LKS Lodz”da Rahil Məmmədovdan başqa üç mərkəz müdafiəçisi var.

Marçinyakla Filsin sol ayağının işlək olduğunu və müdafiənin mərkəzinin “solu”na nəzarət etdiyini nəzərə alsaq, həmyerlimizin əsas rəqibi əslən türk Levent olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti