“Ramil Şeydayev “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında AFFA-nın mətbuat katibi Elnur Məmmədli deyib.
“Transfer Matching System” Şeydayevi “Kocaelispor”un heyətində azərbaycanlı yox, Rusiya vətəndaşı kimi göstərib.
Hətta Türkiyə Futbol Federasiyasının rəsmi saytı da millimizin forvardını Rusiya vətəndaşı kimi qeydə alıb.
Amma AFFA rəsmisi Şeydayevin Türkiyə klubunda Azərbaycan vətəndaşı kimi oynayacağını söyləyib: “Ramil Türkiyə birinci liqasında azərbaycanlı kimi çıxış edəcək, legioner sayılmayacaq.
Sadəcə, TMS-də Rusiya vətəndaşı kimi qalıb. AFFA-nın baş inzibatçısı İslam Abbasovun vasitəçiliyi ilə də Ramillə danışdıq.
O özü də, bildirdi ki, “Kocaelispor”da Azərbaycan pasportu ilə oynayacaq, legioner sayılmayacaq. Yəqin ki, nədənsə sistemdə belə qalıb".
Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb.

