
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatının 16-cı turunda “Osiyek”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, Mahir bu görüşdə sona qədər ehtiyatda qalıb.
Komandanın baş məşqçisi Sergey Yakiroviç oyundan sonra keçirilən mətbuat konfransında qeyd edib ki, Mahir Emrelinin formasından narazı deyil.
O, Yosip Drmiçin iştirak ərizəsində olmaması ilə bağlı sualı cavablandırarkən deyib:
“Drmiçi siyahıdan silməmişik. Sadəcə, bu dəfə Bruno Petkoviç, Mahir Emreli və Deni Yuriç arasında seçim etməli olduq. Çünki onlar həftəboyu çox yaxşı məşq etmişdilər”.
Sözügedən oyunda hücumçulardan Bruno Petkoviç start heyətində yer alıb, Deni Yuriç isə son dəqiqələrdə meydana çıxıb.
Mahir Emreli bu mövsüm "Dinamo"nun heyətində 21 oyuna 5 qol vurub, 5 qol ötürməsi edib.