ŞOK MÜSAHİBƏ! “Bu ad-soyada görə Fransada bizə hədsiz maneələr yaradılır”

6 Oktyabr 2023 19:40 Bizimkilər 1 174
ŞOK MÜSAHİBƏ! “Bu ad-soyada görə Fransada bizə hədsiz maneələr yaradılır”

Azərbaycanlı boksçu Murad Əliyev bu gedişlə dünyaya səs salacaq.

Rusiyada doğulan, kiçik yaşlarından Fransada yaşayan və hazırda ən ağır çəkidə bu ölkəni təmsil edən 28 yaşlı idmançı peşəkar boksda döyüşlər keçirməkdədir.

202 santimetr boya sahib Muradın perspektivi yaxın gələcəkdə zirvələri fəth etməyə imkan verir. Yetər ki, məşqlərdəki fəallığını qorusun və maddi dəstəyi olsun.

Əliyevin meneceri Almaniyada yaşayan azərbaycanlı Anar Axundzadədir. Peşəkar boksçu haqda məlumatları Anar bəylə söhbətdə əldə etməyə çalışdıq.

- Murad Əliyev haqda bilmədiklərimizi eşitmək maraqlıdır.

- Murad əslən azərbaycanlıdır, valideynləri Bərdə şəhərindəndirlər. 1995-ci ildə Moskvada anadan olub, uşaqlığı Rusiyada keçib. 6 yaşı olanda Rusiyadan Fransaya köçüblər və o vaxtdan Lill şəhərində yaşayırlar.

- Boksa marağı hardandır?

- Atası da boksçu olub, özü kimi boy-buxunludur. Murad gözünü açandan boks görüb, boks eşidib. 5-6 yaşından atası ilə məşğul olmağa başlayıb və məşqçisi də atası olub.

- Azərbaycanla əlaqələri var?

- Əlbəttə, əlbəttə. Murad ildə 1-2 dəfə mütləq Azərbaycana getməlidir. Xaricdə doğulub böyüsə də, qan çəkir.

- Əslən azərbaycanlıdır, amma Fransanı təmsil edir. Bu, nə ilə bağlıdır?

- Həvəskar boksda elədir ki, hansı ölkədə yaşayırsansa, harada məşq edirsəndə, oranı da təmsil edirsən. Götürək Azərbaycanı. Kubadan gəlib Bakıda yaşayan boksçular Kubanı təmsil etmir ki. Azərbaycan bayrağı ilə döyüşür. Düzdür? Çünki vətəndaşlığı qəbul ediblər, pasportları var. Murad da Fransa vətəndaşlığını daşıdığından və Fransa millisinin üzvü olduğundan məcburən bu ölkəni təmsil etməlidir. Buna baxmayaraq, Muradın döyüşləri zamanı Azərbaycan bayrağı mütləq zalda olur, qalib gəldiyi zaman bayrağımıza bürünür, qələbəni onunla qeyd edir.

- Həvəskar karyera başa çatıb, artıq peşəkar səviyyədə döyüşür. Bundan sonra necə olacaq?

- Bu gün Avropadakı iş adamlarından asılı vəziyyətdəyiksə, başqa nəsə gözləməyə dəyməz. Etiraf edim ki, Muradın xərcləri çoxdur. Bu günə kimi 8 peşəkar döyüş keçirib, nəzərimizdə daha 8 döyüş tutmuşuq. Məqsədimiz Muradın ən qısa zamanda Las-Veqas, Nyu-York, London rinqlərində döyüşlərini təşkil etməkdir. Hələ ki, orta səviyyəli boksçularla döyüşür. Lakin söhbət dünyaya səs salmaqdan, ən böyük uğurlardan gedirsə, 15-16 döyüş keçirməlidir, təcrübəsini artırmalıdır, 10 raund mübarizə aparmağa hazır olmalıdır.

- Sabah azərbaycanlı sponsor tapılsa necə olacaq?

- Elə həmin gündən Azərbaycan bayrağı altında döyüşmək mümkündür. Peşəkar boksda ən böyük problem maddiyatdır. Sponsor olandan sonra peşəkar boksda heç kim sənə deyə bilməz ki, niyə filan ölkəni təmsil edirsən. Məsələn, biz WBC-ni təmsil edirik. Dünyanın ən prestijli boksçuları məhz bu kəmər uğrunda döyüşüb. Muradda həmin kəmərin gümüşü var, ancaq ən alisi yaşıl rəng olandır. O zirvəyə çatmaq üçün Murad daha iki kəmər almalıdır. Sonuncu qələbədən sonra Murad WBC-nin ağır çəki dərəcəsində döyüşənlərin TOP-30 siyahısında 18-ci pilləyə yüksəlib. Məqsədimiz ilk “10-luq”dur. “10-luğ”a düşəndən sonra ilk “3-lük”dəki və ya “5-lik”dəki rəqibləri ilə döyüşmək imkanı qazanır ki, bunlar böyük döyüşlər hesab olunur.

- Yaxşı nəticə üçün sponsor il ərzində nə qədər pul xərcləməlidir?

- Sübut üçün deyə bilərəm ki, Muradın 8 döyüşü üçün şərikimlə birgə 500 min avro xərcləmişik. Çox böyük puldur. Bu, hələ Muradın WBC-də olan nüfuzuna görə belədir. Başqası olsaydı, bəlkə də 1 milyon gedərdi. Bundan sonra daha 350-400 min yatırım etməliyik ki, istədiyimiz səviyyəyə çataq.

- Əliyevin peşəkar boksdakı döyüşlərinin nəticələri necədir?

- 8 döyüşlün hamısında qalıb gəlib, 5-ni nokautla udub.

- Azərbaycanın Boks Federasiyasının rəsmiləri Muradla maraqlanırlar, əlaqə saxlayırlar?

- Azərbaycanda Peşəkar Boks Federasiyası yeni yaranıb, hələ ilk addımlarını atır. Sağlıq olsun, gələcəkdə inkişaf edərlər, əlaqələrimiz olar. Amma Boks Federasiyasının bizimlə işi yoxdur. Murad “peşəkardadır” deyə onların görə biləcəyi, kömək edəcəyi bir şey yoxdur.

- Hazırda peşəkar boksda Murad Əliyevdən başqa hansı azərbaycanlı var?

- Heç kim yoxdur. Söhbət sırf peşəkar boksdan gedirsə, burada çempion adını qazanan başqa azərbaycanlı yoxdur. Heç Avropa çempionumuz da yoxdur. Murad WBC-nin gümüş kəmərinin qalibidir. İnşallah, nə vaxtsa dünya kəməri uğrunda döyüşə çıxsa, bu, tarixə qızıl hərflərlə yazılacaq. Belə bir hadisə Azərbaycanın boks tarixində olmayıb. Bizim məqsədimiz Muradı ora qədər gətirməkdir. Sonrası özündən asılıdır. Qalib gəlsə, olacaq Azərbaycanın Mayk Taysonu, Məhəmməd Əlisi.

- Fransada, hətta bir çox Avropa ölkələrində erməni lobbisinin gücü hər kəsə məlumdur. Bu fakt Murada çətinlik yaratmır ki?

- Yaradır, niyə yaratmır? Murad Əliyev ad-soyadına görə Fransada bizə hədsiz maneələr yaradılır. Bunu açıq şəkildə deyirəm. Bəzi qüvvələr imkan vermir ki, bizə yerli telekanallardan təkliflər gəlsin. Media orqanlarının bir çoxu onların əlindədir. Əllərində imkan olsa, hətta hesablarımızı da bağlatdırarlar. Özümdən götürüm, mən 20 il əvvəl Almaniyaya gəlib vıətəndaşlıq alanda ad-soyadımı dəyişməyi təklif etdilər, razılaşmadım. Dedilər, alman ad-soyadı ilə sənə rahat olacaq, yenə razılaşmadım. Murad Əliyev də hər cür şirnikləndirici təkliflərə baxmayaraq, ad-soyadını saxlayıb. Heç kimdən çəkinməyib. Adi bir numunə deyim.

- Buyurun...

- Bir müddət əvvəl bizə sponsorluq təklifi gəlmişdi. Danışıq aparmaq istəyirdik, müzakirələr başlamamış bitdi. 100 faiz əminəm ki, sponsor təklifini ləğv etdirən erməni lobbisi oldu. Hətta üstüörtülü formada bizə işin mahiyyətini bildirdilər. Burada çox çətindir, çox. Nə ediriksə öz gücümüzə edirik. Heç bir mənada Azərbaycandan bizə dəstək yoxdur. Nə siyasi, nə də maddi mövzuda.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı