Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək II MDB oyunlarında iştirak edəcək futzal üzrə U-19 Azərbaycan millisinin 14 nəfərlik heyəti açıqlanıb.
Komandanın 4 üzvü “Baku Fire”ın yetirməsidir.
Sportinfo.az-ın əməkdaşı klubun baş məşqçisi Teymur Eyvazovla əlaqə saxlayıb, gənc oyunçularla bağlı onun fikirlərini öyrənib.
“Öncə millinin heyətində ölkəmizin şərəfini qoruyacaq tələbələrimiz - Sadiq Əlizadə, Qüdrət Qasımzadə, Rüfət Məmmədli və Fərid Abbasova, eləcə də, yığmanın bütün oyunçu və məşqçi kollektivinə öz adımdan və klub rəhbərliyi adından uğurlar arzulayıram.
Hal-hazırda milliyə çağırılan gənclərlə artıq 4 ilə yaxındır çalışırıq.
Minskdəki yarışdan əvvəl, iyul ayında Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında ölkəmizi təmsil edən AzDBTİA komandasının tərkibində də “Baku Fire”ın dörd oyunçusu - Oqtay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov və Mirmehdi Rzayev çıxış edirdi.
Bu mötəbər turnirdə komandanın ən sərrast oyunçusu Oqtay Rüstəmli oldu. Fürsətdən yararlanıb, bu uğur münasibətilə Oqtayı da təbrik edirəm.
Onu bildirmək istəyirəm kİ, “Baku Fire”ın 20 illik fəaliyyəti dövründə qarşsına qoyduğu məqsəd Azərbaycan futzalının ənənələrini yaşatmaq, gənc futbolçular yetişdirmək, futzalın gələcəyinə yatırımlar etməkdir.
Bildiyiniz kimi, “Baku Fire” Azərbaycan Futzal Federasiyasının keçirdiyi bütün liqalarda çıxış edən yeganə klubdur.
Gənc oyunçuların mümkün qədər çox oyun keçirməsi bizim üçün vacib amillərdən biridir. Çünki yaxın gələcəkdə bu idmançıların peşəkar səviyyədə oyun göstərməsi üçün məhz oyun praktikasının çox olması lazımdır.
Əlbəttə ki, bütün bu infrastrukturun yaradılması, idarə edilməsi, nəzarətdə saxlanılması, eləcə də, oyunçulardan tutmuş, məşqçi korpusu və inzibatçılara qədər hər bir şəxsin ehtiyaclarının qarşılanması kifayət qədər maddi vəsait və resurslar tələb edir.
Bu, həqiqətən çox ağır və məsuliyyətli işdir. “Baku Fire” rəhbərliyi bir neçə ildir ki, heç bir təmənna güdmədən və qarşılığı olmadan Azərbaycan futzalına xidmət göstərir.
Bir daha qeyd etmək istəyirəm ki, “Baku Fire” olaraq, hər zaman Azərbaycan futzalının inkişafı üçün əlimizdən gələni əsirgəməməyə çalışırıq və bu yöndə federasiya əməkdaşları ilə müzakirələri davam etdirməyə hazırıq”.

