Azərbaycan yığmasından təklif alan müdafiəçi "Legiya"da

27 Yanvar 2022 10:40 Bizimkilər 2 000
Azərbaycan yığmasından təklif alan müdafiəçi "Legiya"da

"Legiya" daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevlə anlaşıb.

Sportinfo.az "Legia.net" nəşrinə istinadən xəbər verir ki, Jeşuv "Stal"ında çıxış edən 19 yaşlı müdafiəçi yeni klubunda tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

Rusiyanın Mahaçqala şəhərində anadan olmuş Mustafayev kiçik yaşlarında Polşaya köçüb.

O, 2019-cu ildən "Stal"da çıxış edir.

Bu mövsüm 13 oyuna 3 qol vuran sağ cinah müdafiəçisinin komandası hazırda Polşanın II Divizionunda liderdir. Mustafayevin "Legiya"nın əsas komandası ilə məşqlərə başlayacağı, amma onun oyunlarda iştirak etmə şansının az olduğu bildirilib.

Onun Polşa vətəndaşlığı üçün müraciət edəcəyi də vurğulanıb.

Müqavilə ilə "Legiya"ya məxsus olan və klubdan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Digər Xəbərlər
Xəbər Lenti