Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur

13 Oktyabr 2020 21:20 Azərbaycan Futbolu 800
Gəncədə dağıntılar altından çıxarılanlardan biri futbolçudur

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərdən 3-ü veteran futbolçudur.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Ceyhun Tanrıverdiyev məlumat verib.

Onun sözlərinə görə, Emin Mustafayev və Sahil Abdullayev hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar:

"Hər ikisinin evi pis vəziyyətə düşüb. Abdullayev ciddi xəsarət almasa da, Mustafayev uçqunun altında qalmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu dağıntıların altından çıxardılar. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır".

Tanrıverdiyev erməni təxribatı nəticəsində zərərçəkmiş digər veteran oyunçunun isə Samir Allahverdiyev olduğunu bildirib: "Allahverdiyevin özünə heç nə olmayıb. Amma ailə üzvləri yaralanıblar".

Hər 3 futbolçu vaxtilə "Kəpəz"in əsas heyətində oynayıb. Emin Mustafayev daha çox futzaldakı çıxışı ilə tanınıb. Sahil Abdullayev isə Gəncə klubu ilə yanaşı, "Şəmkir"in də formasını geyinib.

Xəbər Lenti