”Dükanım vardı, bağlandı, amma şükür Allaha, acından ölmürəm”

16 İyul 14:36 Azərbaycan Futbolu 591
”Dükanım vardı, bağlandı, amma şükür Allaha, acından ölmürəm”

“Bakıda yaşayıram. Tovuzdan olduğum üçün rayona istirahətə gəlmişdim.

Sərhəddə atışma başlandı. Bakıda işim vardı, lakin bu məsələlərə görə Tovuzda qalmağa üstünlük verdim. Bu, elə bir şeydir ki, belə vəziyyətdə yurdunu tərk etmək olmaz”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a sabiq futbolçu Vüsal Qarayev deyib.

“Turan”, “Gilan” (indiki “Qəbələ”), “Muğan”, “Rəvan”, AZAL, “Qaradağ-Lökbatan” və “Şüvəlan” klublarında çıxış etmiş V.Qarayev 2018-ci ildə karyerasını bitirib.

21 yaşadək millimizdə də çıxış etmiş sabiq hücumameyilli yarımmüdafiəçi Tovuzda ermənilərin təxribatı nəticəsində yaranmış vəziyyətdən danışıb:

“Mən Tovuzun özündənəm. Amma rayondan həmin sərhədə maşınla 15 dəqiqəlik yoldur. Biz hər axşam postların qoyulduğu yerdəyik. Sizin Tovuzdakı fotoqraf da şəkillərdən birində məni çəkib. Əsgərlərimizə siqaret, yemək aparırıq. Elə olur ki, səhərədək orada qalırıq.

Polislər burada dayanmamağımızı bizdən xahiş edir. Amma belə vaxtda evdə oturmaq da olmur. Narahat oluruq ki, orada vəziyyət necədir. Çayxanada oturmaqdansa, gedib orada olmaq yaxşıdır”.

34 yaşlı Vüsal Qarayev hərbi səfərbərliyin başlanmasını istədiyini bildirib: “Qarabağ müharibəsi olanda uşaq idim. Amma xatırlayıram ki, mərmilər kənddə qonşularımızın evinə düşürdü.

Uşaqlıqdan bunları yaşamışam. Buradakıların hamısı istəyir ki, məsələ tezliklə kökündən bitsin, torpaqları alaq. Hamı Ali Baş Komandanın səfərbərlik əmrini gözləyir”.

Keçmiş futbolçu indiki şəxsi durumundan da danışıb: “Binə” ticarət mərkəzində dükanım vardı. Ora da koronavirusa görə bağlandı. Amma şükür Allaha, dolanıram, acından ölmürəm”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 21:20 Quliyev riskə getmədi
5 Avqust 16:28 "Qarabağ" yenidən...
5 Avqust 12:16 250 manat alacaqssız