"1 sutka əllərini çəksələr, bizə İrəvanda oturmaq üçün 12 saat bəs edər"

16 İyul 00:42 Azərbaycan Futbolu 692
"1 sutka əllərini çəksələr, bizə İrəvanda oturmaq üçün 12 saat bəs edər"

"Artıq neçə ildir hansı vəziyyətdə yaşamağımız, torpaqlarımızın neçə faizinin işğal altında olması bəllidir.

Ona görə də bu cür hadisələrin baş verməsini elə də sensasion saymaq olmaz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev son günlər Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hərbi əməliyyatlar barədə danışarkən deyib.

PFL rəhbəri bildirib ki, Azərbaycanın bu cür üzdəniraq qonşusu varsa, belə hadisələr gözləniləndir: "Qonşular həm xoş, həm də pis günlərini bölüşməlidirlər.

Bizim xalq qeyrətlidir. Gəlin, bir az keçmişə nəzər yetirək. 1988 - 1990-cı illərə baxsaq, görərik ki, keçmiş SSRİ-də ilk dəfə o böyüklükdə rus imperiyasına qarşı çıxan məhz bizim millət oldu. 20 Yanvar hadisəsi oldu, qorxmadıq. Biz vətənə, millətə görə tankın qabağına əliyalın çıxan xalq olmuşuq. Biz qorxaq millət deyilik".

R.Musayevin sözlərinə görə, ölkə xaricində olarkən dəfələrlə digər millətin nümayəndələrindən xalqımızın igidliyi barədə xoş fikirlər eşidib: "Doğrudan da, digər ölkələrin heç biri bizdəki gərginliyi, ağır dövrləri görməyib. Amma biz bu çətinliklərin hər birinə qalib gəldik.

Ola bilsin, oxucular sual verərlər ki, bu, nə danışır, güclü millətiksə, niyə ermənilərin qarşısında aciz qalmışıq? Xeyr, aciz deyilik. Şəxsi fikrimdir, bu gün onların arxasında duranlar 1 sutka əllərini çəksələr, bizə İrəvanda oturmaq üçün 12 saat bəs edər. Bu, bizim üçün çox asandır. Sadəcə, arxalarında möhkəm dayanıblar".

PFL prezidenti öz növbəsində Azərbaycanı göydə Allah, yerdə Türkiyənin dəstəklədiyini vurğulayıb: "Son hadisələrə Türkiyə heç də soyuq yanaşmadı və bəyanatlarla çıxış etdilər. Hadisələrin təkrarlanması yenidən mümkündür. Sadəcə elə məqamlar var ki, insanı özündən çıxarır".

R.Musayev ötən gecə Bakıda bir qrup şəxsin yol verdiyi hərəkətlərə də münasibət bildirib: "Dünən möhtəşəm yürüş oldu. Bütün dünya bunu dəstəklədi.

Sonda nə oldu? 5-10 nəfərin hərəkəti minlərlə insanın etdiyinə ləkə yaxdı, kölgə saldı. Bu, olmamalı idi. Ən azı, orada iştirak edən gənclər fikirləşməli idilər ki, hansısa əşyanı sındırmaq bizə nə verəcək.

İkincisi, Milli Məclisin binasına girməklə nə dəyişəcək? Bu cür hərəkətlərə yol vermək olmaz. Bu, ancaq ölkəyə zərər verir. Poliş maşınını aşıranlara, binaya icazəsiz daxil olanlara ən ağır cəza verilməlidir".

Xəbər Lenti
8 Avqust 17:10 "Lənətlənmişik"
8 Avqust 13:12 Qazanan yalnız onlardır