Elxan Məmmədovun şifrəli nitqinə sözardı

2 İyun 2020 16:28 Azərbaycan Futbolu 792
Elxan Məmmədovun şifrəli nitqinə sözardı

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport”un "Bizim futbol” verilişində idman mətbuatına yeni mövzu verdi. Adam 2020/21 mövsümündə də 8 komandalı çempionat keçirilməsinə qərar verilməsinin səbəbini izah etməyə çalışdı. Təbii ki, yalnız çalışdı və düşünən beyinlərdə iki yox, beşbaşlı suallar yaratdı.

Əslində ölkə futbolunun uğursuzluq simgəsinə çevrilən qurum rəsmisinin söylədiklərində qeyri-adi nəsə yox idi. Məmmədov hamının gözlədiyini dilə gətirməklə ictimaiyyətə "yanılmırsız, bu il də belə getdi” mesajı göndərdi.
Əvvəlki illərdə olduğu kimi, başıbəlalı 2019/20 mövsümünün də əvvəllərində komanda sayının artırılacağı ilə bağlı verilən vədlərin vəd olaraq qalacağını ölkə futboluyla maraqlananların 99 faizi öncədən bilirdi. Deməli, son açıqlama sadəcə rəsmi təsdiq statusu daşıyır.

Şübhəsiz, qərb futbolunun iki təmsilçisinin - "Turan”la "Kəpəz”in elitaya qaytarılmasıyla çox şey dəyişə bilərdi. Ən azı rəngarənglik, "Bakı birinciliyi”nə son qoyulması baxımından... Fəqət Gəncə və Tovuz klublarının Premyer Liqaya yüksəldilməsi bu dəfə futbol başbilənləri ürəkdən istəsə belə, mümkün olmayacaqdı.

Koronavirus pandemiyasının vurduğu zərər və neftin ucuzlaşması ana səbəblərdi. AFFA-nın büdcəsi azaldılıb. Məmmədovun şifrəli nitqindəki azdırıcı məqamları bir kənara qoysaq, elə özünün də bunu söylədiyini anlamaq mükündü: "Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridi. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək".

Doğru buyurur, indiki maddi vəziyyət pisdi. Əvvəlki vəziyyətdə nəyisə yaxşıya doğru dəyişə bilməyən assosiasiyanın adından başqa demək olar, heç nəyi qalmayan iki kluba analıq etməsi hansı məntiqə sığardı?

Fanat.Az

Xəbər Lenti