Etibar Pirverdiyevə mal-qara və dəvə lazımdır, "Şahdağ" yox!

29 May 2020 12:02 Azərbaycan Futbolu 753
Etibar Pirverdiyevə mal-qara və dəvə lazımdır, "Şahdağ" yox!

Region Liqasında üçüncü mövsüm yarımçıq qaldı.

Qrup mərhələsini başa çatdırmaq mümkün olmadı heç. AFFA aşağı yaş qrupları üzrə ölkə çempionatları kimi, bu yarışı da vaxtından əvvəl bitirməyi lazım bildi.

Təəssüf! Region Liqası ölkədə ən çox azarkeş toplayan yeganə futbol çempionatıdır. İştirakçılar həvəskar komandalar olsa da, əsas odur ki, onların hərəsi bir rayonu, bir bölgəni təmsil edir.

Artıq 3 ildir ki, Azərbaycan çempionatı deyəndə, Premyer Liqa və I Divizion yada düşmür, ağıla yalnız Region Liqası gəlir. Bölgə klublarının üstünlük təşkil etdiyi yarışmaya federasiyanın belə barmaqarası yanaşması, onu uşaqların çempionatı ilə bir tutması yolverilməzdirdir. Bunu qəbullanmaq çətindir.

AFFA-nın bu sahəyə məsul şəxsləri məsuliyyətsizliyə yol verir, dərk etmirlər ki, Region Liqası iştirakçılar və azarkeşlər üçün nə deməkdir. Çünki onlar qışın soyuğunda, yayın istisində kabinetindən başını çıxarmağa can çəkən təsadüfi insanlardır, yer vurub, düşüblər cənnətə, futbola.

Komandalara, sadə futbolsevərlərə hörmətsiz münasibətindən dolayı AFFA rəsmi sürətdə hamıdan üzr istəməlidir, ziyanın yarısından dönməlidir. Qeyri-peşəkarlıq göstərərək, tələsik qərar veriblər.

Ziyanın yarısından dönmək də olar, hələ gec deyil. AFFA çempionatı bərpa etməklə özünə qarşı yaratdığı qəzəb və nifrət hissini nisbətən soyuda, yumşalda bilər.

Bu, eyni zamanda, Kamran Əlibabayev kimi boşboğazların da səsini başına atmasını, meydanı ələ almasını önləyər.

Paytaxt-Şimal zonasında mübarizə aparan «Şahdağ»ın baş məşqçisi iddia edib ki, sponsorları yarımçıq dayandırılan mövsümün geridə qalan hissəsində komandaya 165 min manat xərcləyib. Əlli min də yox, yüz min də yox, 165000 manat.

«Şahdağ»ı saxlayan «Azenko»dur. Bu şirkət «Azərenerji»ASC-nın keçmiş prezidenti Etibar Pirverdiyevin istifadəsindədir. «Azenko» son illər ziyanla işləyir, xərci borcunu ödəmir.

Pirverdiyevin başı qarışıb Qusarda mal-qara fermalarına, Şabranda dəvə saxlamağa – futbol hayındadır? O, heç bilmir bu adda klub yaşayır, ya yox. 3 il sökməyə başladığı Qusar stadionu hələ də ağzıgünə qalıb. Nə iş görmüşdüsə, hamısını yarımçıq atıb gedib. «

Azərenerji»nin rəhbərliyindən uzaqlaşdırılandan sonra futbol üçün heç bir ciddi iş görməyib, maraqlanmayıb da. Stadiona da elə qiymət qoyub ki, bir Allah bəndəsi indi ona yaxın durmur.

Neçəsi istəyib buranı alsın, Qusarda futbolun ənənələrini bərpa etsin, Pirverdiyevin tamahı potensial sponsorların əl-qolunu çırmalamasına imkan verməyib.

«Şahdağ»da maaşlar bəzən aylarla gecikir, o, bu 165 min manatı nə vaxt xərclədi, kimə xərclədi? Region Liqasında uğur qazanmaq üçün 80-100 min manat kifayətdir.

Normal idarəçilik, normal baş məşqçi, 5-6 ortabab futbolçu olsa, istənilən komanda 60-70 min manatla da burada zəfər əldə edə bilər. Hələ mövsüm yarılanmayıb,

Pirverdiyevin şirkəti «Şahdağ»a 165 min manat sərf edib… Gülməlidir, vallah! Yüz mini ağlınızın ucundan da keçirməyin, onun bu müddətdə 65 min xərcləməsi də az inandırıcıdır.

Kamran Əlibabayevin belə «göy»lə getməsinə aldanmayın. Sözüylə əməli üst-üstə düşməyən adamdır, Ərəstun Niftiyevi «Şahdağ»a calayan, bununla da, Qusar futbolunun axırına çıxan çirkli birini illərlə müdafiə etmiş şəxsdir o. Yəqin bu rəqəmi dilinə gətirəndə, başı və beyni dumanlı olub yenə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti