"Hafiz Məmmədov bizim vəziyyətimiz barədə məlumatlı deyildi"

2 Aprel 2020 13:40 Azərbaycan Futbolu 708
"Hafiz Məmmədov bizim vəziyyətimiz barədə məlumatlı deyildi"

"Bakı"nın moldovalı sabiq legioneri Aleksey Savinov Sportinfo.az-a müsahibə verib

- Hazırda nə işlə məşğul olursan?

- Kişinyovdakı futbol məktəbinin direktor müavini işləyirəm.

- Koronavirusla bağlı futbol həyatı demək olar dayanıb. Moldovada vəziyyət necədir?

- Bəli, ölkəmizdə də fövqəladə vəziyyət var. Karantin edilmiş ölkələr arasındayıq. Bütün kütləvi tədbirlər ləğv edilib. Məktəblər, uşaq bağçaları və universitetlər bağlanıb. Təbii ki, bu da futbola öz təsirini etdi. Demək olar hamı evdə oturur. Ümid edirik ki, bu vəziyyət tezliklə keçəcək.

- Azərbaycan futbolunu izləmək imkanınız olur?

- Həmişə Azərbaycan çempionatını izləyirəm. Orada keçirdiyim 5 il ərzində Azərbaycan mənim doğma ölkəm oldu.

- Kənardan futbolumuz necə görünür? Oynadığın dövrlə müqayisə etsək, inkişaf var yoxsa əksidir?

- Mən "Bakı"da oynayanda futbol hər cəhətdən çox sürətlə inkişaf edirdi. İnfrastruktura çox pul yatırıldı. İdman obyektlərinin və stadionların tikintisi aparılırdı. Azərbaycanda futbolun daha da inkişafı üçün çox yaxşı bir zəmin vardı. Təəssüf ki, "Bakı", "Xəzər Lenkaran", "Karvan", "Azal" kimi yaxşı komandalar dağıldı. Digər tərəfdən, son illərdə "Qarabağ"ın beynəlxalq aləmdəki çıxışı çox sevindiricidir. Hər halda inanıram ki, Azərbaycanda futbolçuların, klubların və millinin yaxşı inkişafı üçün hər cür şərait var

- Sizdən sonra da ölkəmizə gələn moldovalı futbolçular var. Aralarında sizdən məsləhət alanı oldumu?

- Xeyr. Heç kim mənimlə məsləhətləşmədi. Düşünürəm ki, buna ehtiyac yoxdur. İndi ictimaiyyətdə hər şey haqqında çoxlu məlumat var. Azərbaycan yaxşı səviyyədədir. Oyunçular təhlükəsiz şəkildə oynaya və tərəqqi edə bilərlər.

- "Bakı"dan ayrıldıqdan sonra komandanın sizə borcu qaldı. Hələ də inciksiz yoxsa olanları unutmusuz?

- Bu çətin sualdır. 2013-cü ildə Vadim Boretslə mən klubdan ayrıldıq. Hələ bir il yarım müqaviləmiz var idi. "Bakı"da keçirdiyimiz müddət ərzində heç vaxt əvəzedici oyunçu olmamışıq. Bütün məşqçilərlə bizi əsas komandada oynadırdı. Azərbaycan çempionluğu və ölkə kubokunu qazandıq.Təəssüf ki, çox pul olduğu yerdə çox vaxt sualtı cərəyanlar başlayır. Və bizi komandadan qovmağa başladılar. Detallara girmək istəmirəm. Bəli, bizə qarşı təhqir var idi. Ancaq yenə də düşünürəm ki, klub sahibi Hafiz Məmmədov bizim vəziyyətimiz barədə məlumatlı deyildi. FİFA-da məhkəməyə verdik və qazandıq. Ancaq təəssüf ki, pulu ala bilmədik. İnanıram ki, vicdanımız Azərbaycan futbolu və azarkeşləri qarşısında təmizdir. "Bakı"da olduğumuz müddət vəzifələrimizi vicdanla və səmərəli şəkildə yerinə yetirdik.

- Hələ də əlaqə saxladığın kimlərsə var?

- Bəli. Bakıda hələ də dostlarım var. Bəzən danışırıq

- Burdakı dostlarına və "Bakı"ı sevərlərə deyəcək sözün var?

- Bütün komanda yoldaşlarıma, azarkeşlərimizə və məni Azərbaycanda tanıyan hər kəsə, Moldovadan salamlarımı çatdırmaq istəyirəm. Sizi qucaqlayıram, dostlarım. Hamınıza cansağlığı və səbr arzulayıram. Hər şey qaydasında olacaq.

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?