AFFA onu hakimləri "məhv" etməyə gətirib

18 Yanvar 2020 13:12 Azərbaycan Futbolu 1 280
AFFA onu hakimləri "məhv" etməyə gətirib

Azərbaycan hakimliyində durğunluqdu. Halbuki Hakimlər Departamentinin rəhbəri Frits Stuxlik gələndə onun Tofiq Bəhramov, Eldar Əzimzadə ənənələrini daha da inkişaf etdirəcəyinə, ən azı istedadlı Əliyar Ağayevi irəli aparacağına inanmışdıq.

Amma hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedir.

FİFA referilərimizin 2019-cu ildəki göstəriciləri belə deməyə əsas verir. Elə götürək Əliyarı. Adam ötən il cəmi 7 oyuna təyinat alıb ki, bunun üçü hansısa festivala təsadüf edir.

Yəni FİFA-dan gələn və nüfuzlu yarışlara (yığmaların oyunu, Çempionlar Liqası, Avropa Liqası) aid olan təyinat sayı cəmi 4-dü. Ağayev AÇ-2020-nin 2 seçmə oyununda fit çalıb ki, bunlardan biri martda baş tutan Polşa - Latviya, digəri oktyabrdakı Farer adaları - Rumıniya görüşləridi.

Razılaşaq ki, gərginlik dərəcəsi aşağı olan oyunlardı. Əliyarın klub turnirlərindəki təyinatları daha sanballı olub. O, ÇL-in 3-cü təsnifat mərhələsində LASK - "Bazel", AL-in qrup mərhələsi çərçivəsində isə "Ludoqorets" - "Espanyol" oyunlarında fit çalıb.

Bu mənada debütant Rauf Cabbarovun göstəriciləri daha gözəgəlimlidi. O, FİFA statusu aldığı ilk ildə 6 beynəlxalq oyun idarə edib.

Ancaq 3-cü kateqoriyadan başladığı üçün zəif qarşılaşmalara dəvət alıb. Gənclər Liqası, U-17 və U-21-lərin yarışında, AL-in 1-ci təsnifat mərhələsində Cabbarovun xidmətinə ehtiyac duyulub.

Artıq 8-ci ildi FİFA referisi nişanını sinəsində gəzdirən Rəhim Həsənov isə ötən il cəmi 5 oyuna göndərilib. Beləliklə, üç hakimimizə 2019-da ümumilikdə 18 dəvət gəlib. Halbuki vaxtilə - konkret 2016-da Əliyar təkbaşına 12 beynəlxalq oyun idarə etmişdi (Futbol+).

Azərbaycanlı FİFA referilərinin 2019-cu ildəki statistikası:
ƏLİYAR AĞAYEV
24 mart. AÇ-2020. Polşa - Latviya 2:0
3 iyun. "Espoirs de Tulon" turniri (U-20-lər arasında). Meksika - Bəhreyn 2:0
7 iyun. "Espoirs de Tulon" turniri (U-20-lər arasında). Portuqaliya - Yaponiya 1:0
12 iyun. "Espoirs de Tulon" turniri (U-20-lər arasında). Portuqaliya - Fransa 3:0
13 avqust. ÇL (3-cü təsnifat mərhələsi). LASK - Bazel 3:1
12 oktyabr. AÇ-2020. Farer adaları - Rumıniya 0:3
24 oktyabr. AL (qrup mərhələsi). Ludoqorets - Espanyol 0:1
RAUF CABBAROV
23 mart. AÇ (U-17-lər arasında). Niderland - İsrail 2:0
26 mart. AÇ (U-17-lər arasında). Şimali İrlandiya - İsrail 0:0
11 iyul. AL (1-ci təsnifat mərhələsi). Fola - Çixura 1:2
2 oktyabr. Gənclər Liqası (1-ci mərhələ). Dinamo K - Şkendiya 8:0
11 oktyabr. AÇ (U-21-lər arasında). Estoniya - Latviya 2:1
6 noyabr. Gənclər Liqası (qrup mərhələsi). Lokomotiv M - Yubentus 0:1
RƏHİM HƏSƏNOV
26 mart. AÇ (U-17-lər arasında). Norveç - Macarıstan 0:1
1 aprel. AÇ (U-17-lər arasında). Bosniya və Hersoqovina - Norveç 1:2
5 iyun. AÇ (U-21-lər arasında). San-Marino - Litva 0:3
8 iyul. AL (1-ci təsnifat mərhələsi). Spartak Tr - Radnik 2:0
23 oktyabr. Gənclər Liqası (1-ci mərhələ). Liepaya - Porto 0:3

Xəbər Lenti