U-15 dünya çempionatının Azərbaycanda keçiriləcəyi artıq rəsmən məlumdur.
Ölkəmizə daha bir mötəbər beynəlxalq futbol yarışının etibar edilməsi sevindirici haldır və bu, Azərbaycanın idman sahəsində qazandığı nüfuzun növbəti göstəricisidir.
Artıq ölkəmizin bu səviyyəli turnirlərin təşkilində kifayət qədər təcrübəsi var. Buna görə də bu dəfə də yarışın yüksək səviyyədə keçiriləcəyinə, təşkilatçılığın nümunəvi olacağına heç bir şübhə yoxdur.
Məlum olduğu kimi, turnirin keçiriləcəyi məkan da müəyyənləşdirilib və Hövsan qəsəbəsində yeni futbol meydançalarının inşasına başlanılıb.
Məlumata görə, oyunlar tam ölçülü deyil, yarım meydançalarda keçiriləcək.
Məni narahat edən məqam isə başqa məsələdir. İndiyədək tikilən meydançaların ölçüləri ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Hamımıza məlumdur ki, ölkəmizdə futbol oyunlarının və məşqlərinin keçirilməsi üçün standart ölçülü meydançaların çatışmazlığı ciddi problemlərdən biridir.
Məhz buna görə də yeni inşa olunan meydançaların beynəlxalq standartlara uyğun, tam ölçüdə tikilməsi daha məqsədəuyğun olardı.
Əgər meydançalar kiçik ölçüdə inşa edilərsə, çempionat başa çatdıqdan sonra onların istifadəsi xeyli məhdudlaşacaq.
Belə meydançalar nə peşəkar komandaların, nə də əksər yaş qruplarının oyunlarının keçirilməsi üçün yararlı olacaq. Nəticədə, bu obyektlərin uzunmüddətli faydası azalacaq və zaman keçdikcə baxımsız qalmaq riski yaranacaq.
Əksinə, meydançalar standart ölçüdə inşa olunarsa, turnirdən sonra da uzun illər ərzində həm peşəkar klubların, həm aşağı yaş qruplarının, həm də həvəskar futbolun inkişafına xidmət edəcək.
Bu, dövlət və FIFA tərəfindən ayrılan vəsaitin daha səmərəli istifadəsinə, eyni zamanda ölkədə futbol infrastrukturunun inkişafına mühüm töhfə verəcək.
Ümid edirəm ki, təşkilat komitəsi bu məsələyə xüsusi diqqət yetirəcək, meydançaların ölçüləri müəyyən edilərkən gələcək istifadə imkanları da nəzərə alınacaq.
Belə olacağı təqdirdə, U-15 dünya çempionatı Azərbaycana təkcə uğurlu təşkilatçılıq baxımından deyil, həm də ölkənin futbol infrastrukturu üçün qalıcı və faydalı bir irs qazandırmış olacaq.
MƏNdən deməkdir...
