Klublarımız bu gün - ÜÇÜ BİRİNƏ DƏYƏCƏKMİ?

28 İyul 2022 19:40 Azərbaycan Futbolu 792
Klublarımız bu gün - ÜÇÜ BİRİNƏ DƏYƏCƏKMİ?

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab qarşılaşmaları keçirildi.

Nəticələrlə tanış olanda "Makkabi"nin (Hayfa) "Olimpiakos"u, evdə 1:2 uduzan "Ferentsvaroş"un "Slova"nı səfərdə darmadağın etməsi, Litva çempionu "Jalgiris"in İsveçdə "Malmö"nü mat qoyması (0:2) diqqətdən qaça bilməzdi.

Xüsusilə sonuncu nəticə yüksək qiymətləndirilməli, digər klublarımızın qarşısına qoyub dərs çıxarmaları lazımdır.

Söhbət yaxşı futbolçumuza dəvət gəlsə "əşşi Litvadı" deyib keçəcəyimiz ölkədən gedir.

Təxminən ilyarım əvvəl Gürcüstanda jurnalistlər arasında futbol üzrə beynəlxalq turnir keçirilirdi.

Gələn komandalar arasında Litva təmsilçisi də vardı. Həmkarlarımızdan birinin Litva futbolu ilə bağlı sualına litvalı jurnalist qəh-qəhə çəkərək gülmüş, "Litvada futbol var?" sualı ilə cavab vermişdi.

Yəni belə bir ölkənin klubu "Malmö" kimi komandanı hər iki matçda da məğlub edərək Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəldi. Konfrans Liqası yox, Avropa Liqası yox, Çempionlar Liqası haaa!

Bizim digər üç təmsilçimiz isə püşk atılandan ağlaşma qurublar. Rəqib belə gəldi, büdcə belə getdi və.s, v.i.

Düzdü, bunlar hamısı vacib detaldı. Amma "Jalgris" kimi klublar göstərir ki, avrokuboklarda matçların taleyini heç də hər zaman büdcə həll etmir. Döyüşəndə, vuruşanda mübarizə ruhu da sonda sözünü deyir.

Məhz Litva təmsilçisi kimi.

Bu gün isə hər üç klubumuz cavab matçına çıxacaq. Demirəm ki, üçü də bir gündə "Jalgiris" olsun və turu keçsin.

Amma ən azında "Jalgiris"i qarşılarına qoyub, biri təsəlli qələbəsi, digəri təsəlli bərabərliyi, "Neftçi" isə mütləq və mütləq qələbə barədə ciddi-ciddi düşünməlidir.

Bir "Jalgiris" daha sanballı rəqiblə matçda Litva üçün iki qələbə qazanırsa, niyə bunu bizim üç klubumuz bir yerə edə bilməsin?

Əks halda "Şamaxı"nı, "Kəpəz"i, "Səbail"i udmaqla nəsə dəyişən, artan, inkişaf edən deyil!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!