"Ən münasib rəqib "Neftçi"yə düşüb, "Qəbələ" və "Zirə" isə..."

21 İyul 2022 19:00 Azərbaycan Futbolu 603
"Ən münasib rəqib "Neftçi"yə düşüb, "Qəbələ" və "Zirə" isə..."

Azərbaycan millisinin sabiq müdafiəçisi, AFFA-nın məşqçilik kurslarının təlimatçısı Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.

O, bu gün avrokuboklarda - Konfrans Liqasında mübarizəyə start verəcək üç Azərbaycan təmsilçisi - "Neftçi", "Zirə" və "Qəbələ"nin rəqibləri önündə şanslarını dəyərləndirib:

"Aris" - "Neftçi"

“Məncə, iddia etmək olar ki, təmsilçilərimiz üçün ən münasib rəqib “Neftçi”yə düşüb. Hazırkı heyətimizlə “Aris”i keçmək iqtidarındayıq. Amma bu o demək deyil ki, “Neftçi” asan şəkildə bu turu keçə biləcək. Rəqibin heyətində kifayət qədər legioner var. Bundan başqa komandamızda baş məşqçi dəyişikliyi oldu. Və yeni mütəxəssis postuna bir qədər gec gəldi. Onun yeni oyun üslubunu ortaya qoyması da az zaman almayacaq. Amma düşünürəm ki, istənilən halda Kipr təmsilçisi ilə görüşlərdə cütün favoriti “Neftçi”dir".

"Zirə" - "Makkabi" (Tel-Əviv)

"Ən çətin rəqib “Zirə”nin qarşısına çıxdı. İsrail təmsilçiləri yaxşı oyun nümayiş etdirirlər. Köklü, adlı-sanlı komandadır. “Qarabağ”ın keçmişdə bu komandanı məğlub etməsi bizi aldatmasın. İndi oyun üslubları, sistemləri tam dəyişilib. Rəqib böyük Avropa təcrübəsinə sahibdir. Rəşad Sadıqovun komandasında isə belə futbolçular varsa da elə də çox deyil. Ona görə də “Zirə”li futbolçular üçün bu matç böyük təcrübə olacaq. Amma potensial olaraq mərhələni keçmək çox çətin olacaq. Hətta “Makkabi” bu günkü “Qarabağ”la qarşılaşsaydı belə komandamız çətinlik çəkəcəkdi. Təbii ki, bu futboldur. İki oyundan ibarət mərhələdir. Əzmkarlıq göstərib, ələ düşəcək cüzi bir imkandan istifadə etmək lazımdır. Həmçinin də rəqibə cüzi imkan vermək olmaz. Çünki usta futbolçuları var və yəqin ki, həmin fürsəti dəyərləndirəcəklər".

"Fehervar" - "Qəbələ"

“Fehervar” komandası haqqında geniş bilgim yoxdur. Amma milli komandalarına baxası olsaq, İngiltərə yığmasına 4 qol vuran Macarıstan yığması görmüş olarıq. Və həmin oyunçuların bir neçəsi bu klubun olduğu yerli çempionatda iştirak edirlər. Ümumiyyətlə, son illər Macarıstan futbolunda böyük addımlar atıldığı hiss olunur. On görə də “Qəbələ” üçün də çətin olacağını demək olar. Düzdü, arxada qalan mövsüm komanda böyük işlər gördü. Amma avrokuboklar elədir ki, kiçik səhv belə bağışlanmır. Bu baxımdan “Qəbələ”nin də işi ən azı “Zirə” qədər çətin olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti