Eks "Xəzər Lənkəran"lı: "Hədəfim yenidən Premyer Liqada oynamaqdır"

10 Dekabr 2021 23:20 Azərbaycan Futbolu 1 073
Eks "Xəzər Lənkəran"lı: "Hədəfim yenidən Premyer Liqada oynamaqdır"

"Oyuna hazırlıq çox yaxşı gedir. Fikrimiz, ancaq qələbə qazanmaqdır.

Düzdür, Premyer Liqa komandasına qarşı oynayacağıq.

Amma bizim də öz oyun üslubumuz var. İnşallah, istədiyimizi meydanda eləyə biləcəyik".

Bunu Sportinfo.az-a açıqlamasında sabah ölkə kubokunun 1/8 final mərhələsində "Keşlə" ilə qarşılaşacaq "Qaradağ Lökbatan"ın hücumçusu Sabir Allahquliyev deyib.

12 qolla Birinci Divizionun bombardiri olan hücumçu Premyer Liqa klubu ilə qarşılaşmalarının onlarda heç bir ümidsizlik yaratmadığını bildirib:

"Kollektivdə ab-hava çox yaxşıdır. Rəqibin Premyer Liqa komandası və güclə heyətə sahib olması bizə ümidsizlik yox, motivasiya verir".

Allahquliyev "Kəpəz", "Sumqayıt" və "Xəzər Lənkəran" kimi Premyer Liqa komandaların şərəfini qoruyub. O, zamanında yığdığı təcrübənin hesabına sabah komandasına daha çox fayda verə biləcəyini düşünür:

"Premyer Liqada kifayət qədər təcrübəm var. Təcrübə çox önəmlidir. Bəli, hazırda bombardirəm. Bu, tək mənim yox, bütün komandanın əməyidir.

Hər bir oyunçumuza təşəkkür edirəm. "Keşlə" ilə oyunda da meydana qol vurmaq üçün çıxacam. Hazırkı durumum buna imkan verir. Komandam üçün əlimdən gələni edəcəm".

Yenidən Premyer Liqada çıxış etmək arzusunu etiraf edən forvard, klub rəhbərliyi tərəfindən ölkə kubokunda qarşılarına hər hansı hədəf qoyulmadığını da sözlərinə əlavə edib:

"Əlbəttə ki, hədəfim yenidən Premyer Liqada oynamaqdır. Təkcə orada oynamaqla kifayətlənmək yox, qollarımı da sıralamaq istəyirəm. Düşünürəm ki, qarşıdakı oyun bu baxımdan yaxşı fürsətdir.

Klub tərəfindən qarşımıza xüsusi hədəf qoyulmayıb. Komanda olaraq güclüyük. Hər oyuna qələbə üçün çıxırıq".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti