AFFA pul azlığı ilə üzləşdi – Bəzi layihələrdən imtina olunur

4 Aprel 2021 09:40 Azərbaycan Futbolu 969
AFFA pul azlığı ilə üzləşdi – Bəzi layihələrdən imtina olunur

AFFA bu il həyata keçirməyi planlaşdırdığı bəzi layihələri təxirə salmağa hazırlaşır.

Sportinfo.az bu barədə məlumatı federasiyadan əldə edib.

Redaksiyamıza daxil olan məlumata görə, hazırda bununla bağlı müxtəlif variantlar nəzərdən keçirilir.

Söhbət əsasən uşaq-yeniyetmə və gənclər futbolu ilə əlaqəli layihələrdən gedir. Bu da maliyyə çatışmazlığından irəli gəlir.

2020-ci il hesabat dövründə AFFA milli komandalara 9 milyon 905 min 833 manat xərcləyib.

Əmək haqqı və ezamiyyə xərcləri 2 milyon 399 min 145 manat təşkil edibsə, qızlar və oğlanlardan ibarət U-10-dan başlayaraq, U-19-a qədər liqaların təşkili və turnirlərin keçirilməsinə 556 min 215 manat, hakimlər və Hakim-İnspektorlara 1 milyon 271 min 742 manat sərf olunub.

688 min 322 manat təsərrüfat xərclərinə, 448 min 391 manat oyunların təşkilinə, 187 min 650 manat aviabilet və hotel xərclərinə, 200 min 166 manat nəqliyyat xərclərinə, 136 min 122 manat kommunal və rabitə xərclərinə, 76 min 659 manat təhsilə, 209 min 810 manat marketinq və sponsorluq departamentinə, 230 min 6 manat "Elit Məşq" Layihəsinə, 110 min 927 manat "Futbol Dərsi" Layihəsinə ayrılıb, 468 min 572 manat "COVID -19" Pandemiyasının təsiri ilə əlaqədar yaranan xərcləri əhatə edib.

Digər xərclər isə 665 min 162 manatdır. Beləliklə, cəmi xərclər 17 milyon 754 min 722 manat olub.

Burada yeni investisiyalar və infrastruktura aid xərclər nəzərdə tutulmayıb. Dövlət büdcəsinə 1 milyon 535 min 724 manat vergi ödənilib.

Xərclərə Dövlət Sosial Müdafiə Fonduna aid olan ayırmalar, Azərbaycan klublarının Çempionlar Liqası və Avropa Liqası oyunlarına təyinat alan UEFA nümayəndələrinin, hakim və hakim inspektorların qarşılanması xərcləri də daxildir.

2020-ci ildə AFFA-nın gəlirləri 22 milyon 803 min 52 manat təşkil edib. Qurum 5 milyon manatdan çox mənfəət əldə edib.

Xəbər Lenti