Bu, İtaliya A seriyasında çıxış edən “Peskara”nın futbolçusu Salli Muntaridi. Muntari “Kalyari” ilə oyunda azarkeşlər tərəfindən bütün qarşılaşma boyu irqçi təhqirlərə məruz qalıb.
O, qarşılaşmanın baş hakiminə yaxınlaşaraq, oyunu dayandırmağı və biabırçı hərəkətə son qoyulmasını tələb edib. Hakim isə futbolçuya “mən heç nə eşitmirəm, heç nə görmürəm” deyərək, sarı vərəqə göstərib.
Bundan sonra Munatri meydanı göz yaşları içində tərk edib. O, meydanı tərk edərkən azarkeşlərə “bu, mənim rəngimdi” jestini edib.
Belə biabırçı hərəkətlərə Avropanın əksər stadionlarında rast gəlmək mümkündü. Özü də bu barbarlığı az qala bütün stadion edir.
Azərbaycan çempionatı bir tərəfə qalsın, avrokubok oyunlarında klublarımızın rəqiblərinin heyətində saysız-hesabsız qaradərili futbolçular olub. 20-30 min azarkeşdən kimsə irqçi təhqirə yol verməyi ağlından belə keçirməyib. Bu avropalıların
hər birinin daxilində bir gizlin Hitler, Mussolini var. Sizi sevirəm, azərbaycanlı azarkeşlər. Siz adam kimi adamsız.
***
FİFA və UEFA dünya və Avropa çempionatlarını keçirəcək ölkələri müəyyənləşdirərkən, heç vaxt bu ölkələrdəki insan hüquqları məsələsini qabartmayıb, heç yadına da düşməyib. Pinoçetin Çilisində, faşist İspaniyasında, İtaliyasında böyük turnirlər keçiriləndə də, Qətərə və Rusiyaya ev sahibliyi veriləndə də.
Amma indi birdən birə UEFA “yox, Avro-2024-ün ev sahibi müəyyənləşərkən “insan hüquqları” məsələsini nəzərə alacağıq” deyir. Səbəb? Səbəb odur ki, Avro-2024-ü keçirmək üçün iki ölkə - Almaniya və Türkiyə ərizə vermək niyyətindədir. Məqsəd aydındır, Türkiyəyə maneə yaratmaq.
Yox əşşi, Avropada ikili standart olmur...
Natiq Muxtarlı

