“Forza Neftçi” fanklubu bəyanat yayıb. Sportinfo.az xəbər verir ki, bəyanatda “Neftçi”nin son vaxtlar əldə etdiyi uğursuzluqlardan narazılıq bildirilərək, baş məşqçi Elxan Abdulalyevin istefası tələb edilib. Bəyanatı olduğu kimi təqdim edirik: “25.04.2017 tarixində “Forza Neftçi” azad azarkeş qrupunun toplantısı baş tutub. Toplantıda qrupun gələcək fəaliyyəti müzakirə olunub və bir sıra qərarlar qəbul edilib.
İlk qərar 24 apreldə yayılmış bəyanatın təsdiqi olub. Qərara əsasən “Forza Neftçi” azad azarkeş qrupu son turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyununda stadiona girməyəcək. “Forza Neftçi” olaraq “Neftçi”nin tutduğu 7-ci yeri biabırçı nəticə hesab edib, Elxan Abdullayevin istefa verməsini sərt şəkildə tələb edirik. Biz azad azarkeş qrupu olaraq hər şeydən öncə “Neftçi”nin yaxşılığını düşünmüşük. Məşqçi kim olur olsun, “Neftçi”ni layiq olduğu yerə qaytarsın deyə düşünmüşük. Yalnız “Neftçi” sevgisi bizim bu insanlara güvənməyimizə və onlara vaxt verməyimizə səbəb olub. Lakin nəticə onu göstərir ki, Elxan Abdullayev vəzifəsinin öhdəsindən gəlmir və “Neftçi” kimi 80 illik şanlı tarixə sahib olan klubun baş məşqçisi olmağa layiq deyil.
Elxan Abdullayev komandaya yeni gəldiyi dönəmdə "mənim işimi yalnız qış fasiləsindən sonra əldə olunan nəticələrə əsasən qiymətləndirə bilərsiz" kimi açıqlamalar vermişdi. Qış fasiləsi gəldi, komanda təlim - məşq toplanışına yollandı, baş məşqçinin istəyi ilə komandaya bir sıra yeni futbolçular cəlb olundu. Biz də təlim-məşq toplanışından sonra komandanı hava limanında qarşıladıq, məşqçi və futbolçulara öz dəstəyimizi bildirdik.
Məşqçi isə bizə “Neftçi”ni bu çətin vəziyyətdən çıxaracağına, komandanın Avropa Liqasında çıxış edəcəyinə, əks halda postundan istefa verəcəyinə söz verdi. Çox təəssüf ki, əks hal baş verdi, amma Elxan Abdullayev hələ də istefa vermək niyyətində deyil. Yazını oxuyarkən çoxunuz bizim bir qrup olaraq rəhbərlik və Elxan Abdullayevə qərəzli olduğumuzu düşünə bilərsiniz. Amma bu əsla belə deyil. Biz istefanı “Neftçi”nin gələcəyini düşünərək tələb edirik.
“Neftçi” rəhbərliyinin etdiyi bir sıra işlər var ki, onları yaxşı iş kimi bilib, qiymətləndiririk. Fanşop və muzeyin açılması, qrupumuzun 8 illiyində futbolçuların meydana "Forza Neftçi 8 yaş" yazılı köynəklərdə çıxması, klubun 80 illik yubileyində komandanın meydana tarixi formalarda çıxmağı hər zaman qəlbimizdə qalacaq. Sadəcə bilin ki, biz yaxşını pisdən ayıra bilirik və nə ediriksə, nə tələb ediriksə “Neftçi” naminə edirik.
Rəhbərliyə və sponsorlara bildirmək istəyirik ki, oturun fikirləşin, fikirləşin ki, bu yolu kimlərlə gedirsiniz. Biz tribunada olduğumuz illər ərzində neçə-neçə rəhbərliklər və onlarla Elxan kimi məşqçilər görmüşük. İşinizi elə aparın ki, siz də çoxları kimi yarı yolda qalmayasız. Neftçinin şanlı tarixində sizin də adınız şərəf və ləyaqətlə hallansın. Adicə bir misal kimi, Elnur Məmmədov. Çox gözəl struktur qurmaq istəyirdi, yaxşı planları və ideyaları var idi. Sadəcə, bir yerdə səhv etdi, Vəli Qasımova inandı. Sonu hər kəsə bəllidi. Siz də eyni səhvlərə yol verməyin, yanlış adamlara güvənməyin. Axı sonunda itirən yenə “Neftçi” olacaq, Xalqın “Neftçi”si”.

