"Mən bu söz-söhbət ortaya çıxandan sonra..."

19 Aprel 2020 12:39 Azarkeş 535
"Mən bu söz-söhbət ortaya çıxandan sonra..."

Aprelin 7-də Nazirlər Kabineti “Koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunamsı ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edən sənədi imzalayıb.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqda” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin Tədbirlər Planında işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində tədbirlər nəzərdə tutulub.

Bu çərçivədə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi barədə məlumat istər telekanllarda, istərsə də saytlarda yayınlanıb.

Tədbirlər Planına uyğun olaraq, yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə olunub. 2020-ci ilin aprel-may aylarında həyata keçiriləcək bu tədbir üçün dövlət büdcəsindən 70 milyon manat ayrılıb.

Sportinfo.az xəbər verir ki, “Sektor 11” fanklubunun rəhbəri Atanur Cəfəri də sosial yardım alan şəxslər arasındadı. Onun yardımla bağlı dedikləri:

“Sosial şəbəkələrdə bu məsələ ilə bağlı çoxlarının narazılıq etməsi ilə rastlaşmışam. Şəxsən mən 190 manat alanlardan biriyəm. Yardımı alarkən heç bir çətinliklə üzlşmədim. Əvvəldən ərazi üzrə Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatda idim.

Bu söz-söhbət ortaya çıxandan sonra e-sosial saytından müraciət göndərdim və 2 gün sonra telefonuma SMS gəldi. Mesajı alandan sonra deyilən müddətdə gedib poçtdan pulu götürdüm.

Məndən başqa bizim və ya başqa fanklubların üzvlərindən kimlərinsə pul aldığını deyə bilmərəm. Bu haqda məlumatım yoxdu. 190 manat böyük məbləğ olmasa da, ən azı belə çətin günlərdə əlimizdən tutacaq, dolanışıq baxımından kömək edəcək”.

Atanur bəyin rəhbərlik etdiyi “Sektor 11” fanklubu əsasən yığmanın oyunları vaxtı səhnəyə çıxır, müxtəlif layihələrlə diqqət mərkəzinə düşür. Ancaq son vaxtlar adını çəkdiyimiz fanklub yığmanın oyunlarını boykot etməklə yadda qalmışdı.

Görəsən, pandemiya başa çatandan sonra “Sektor 11” baykot qərarına sadiq qalacaq, yoxsa yığmaya dəstək olacaq? Atanur bəy suala belə reaksiya verdi: “Təbii ki, fanklub olaraq futbol üçün çox darıxmışıq. Səbrizliklə çempionatı və millinin oyunlarını gözləyirik.

Qaldı ki boykot məsələsinə, bunu üzvlərimizlə birgə müzakirə edəcəyik. Yəqin vəziyyət düzələn kimi milliyə yeni baş məşqçi təyin olunacaq. AFFA-ya müraciət edib yeni çalışdırıcı ilə görüşmək istədiyimizi bildirəcəyik. Bundan sonra boykot edib-etməyəcəyimiz məlum olacaq.

Bu vaxta qədər ölkənin əsas komandasına təyin olunan baş məşqçilərlə görüşməyə assosiasiya rəhbərliyi imkan yaratmayıb. Yeni çalışdırıcının təyinatından sonra azarkeşlərə layiq lazımi münasibət görməyəcəyiksə, boykotu davam etdirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti