Azərbaycanın 2 klubunu dağıdan FIRILDAQ ƏMƏL!

14 Mart 2020 18:34 Azarkeş 1 530
Azərbaycanın 2 klubunu dağıdan FIRILDAQ ƏMƏL!

Bakı Ağır Cinayətlər Məhkəməsində «Xəzər»FK-nın sahibi Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror fəaliyyətini dayandırmış I Divizion klubunun yaradıcısının törətdiyi əmələ görə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məlum olub ki, Emin Zeynalov istintaq orqanının müəyyən etdiyi 41 milyon manat zərərdən 4.4 milyon manatını ödəyib.

Prokuror E.Zeynalovun məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib. İttihamda yazılır ki, Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb.

Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.

İş üzrə zərərçəkmiş şəxslərin sayı 20-dir. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, Emin Zeynalov 2012-ci ildən etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərdən külli miqdarda pul alıb.

Özgənin əmlakını ələ keçirmək məqsədilə “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici valyuta bazarında yüksək gəlirli valyuta mübadiləsi əməliyyatları həyata keçirən, uzun müddət bank sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübəyə malik tərəfdaş kimi təqdim edib.

Müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün bankdan kənar müstəqil şəkildə həyata keçirəcəyi valyuta mübadiləsi əməliyyatlarından əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalandan vəd verməklə onların etibarını qazanıb. Bu məqsədlə 2016-cı ilin sentyabr ayında Rəşad Qəribdən 200 min dollar alıb.

Həmçinin 2017-ci yanvarında bacısının əri Fərid Məmmədovdan 1 milyon dollar, Tamerlan Şeyxzamanovdan 100 min dollar, Məmməd Nəzərəliyevdən 2,5 milyon dollar, Əmrah İldırımzadədən 300 min dollar, Rövşən Əlizadədən 200 min dollar, Eldar Abbasovdan 600 min dollar, Rüfət Kərimovdan 1,4 milyon, İlkin Nuriyevdən 750 min dollar, Orxan Vəliyevdən 4 milyon dollar, Vazeh Xələfovdan 20 min dollar, Elnur Talıbovdan 45 min dollar, Elgün Bağırovdan 1 milyon 850 min dollar, Türkiyə vətəndaşı Zivari Sərdar Mustafa oğlundan 4.5 milyon dollar, Araz Süleymanovdan 1.5 milyon dollar, Rahim Məmmədovdan 500 min dollar, Sahib Səfərovdan 3.5 milyon dollar, Tural Bağırovdan 1 milyon 460 min dollar, Heydər Süleymanovdan 134 min dollar alıb. E.Zeynalov iş yoldaşı Xalidə Məmmədovanın özünə məxsus mənzili satdığını və yeni mənzil almaq niyyətində olduğunu öyrənib. Ona tanışları vasitəsi ilə sərfəli ev alacağını vəd edərək 143 min 700 dollar nağd pulunu ələ keçirib.

Çoxları Emini dindar adam kimi də tanıyıb. Qurbanların çoxu da məhz dindarlığına görə onun dediklərinə inanıb, iri məbləğdə pullarını veriblər.

Onlardan biri olan Orxan Vəliyevdən 4 milyon dollar alıb. Vəliyev soyadı bizə nəsə demir? Əlbəttə, deyir! Axı o, Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) çıxış etmiş «Qarabağ Vyana»nın təsisçisi və prezidentidir.

Çox təəssüf ki. Bu klub artıq həyatda yoxdur. Əlindəki pulu Zeynalova verəndən sonra Orxan bəyin «Qarabağ Vyana»nı maliyyələşdirməyə imkanı çatmayıb.

Necə deyərlər, hazırda dəmir barmaqlıqlar arasında olan şəxsin maxinasiyaları ucbatından iki klub fəaliyyətini dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi