"Bunun adı xainlikdir, başqa heç nə" - "Milli dəstə"nin rəhbəri

17 Noyabr 2019 14:31 Azarkeş 1 122
"Bunun adı xainlikdir, başqa heç nə" -

"Milli dəstə" azarkeş qrupunun rəhbəri Şamil Mustafayev AÇ-2020-nin seçmə mərhələsinin Bakıda Uelslə keçirilmiş oyunundan sonra sosial şəbəkədə federasiyanın onlara lazım olan şəraiti yaratmamasına görə etiraz paylaşımı edib.

Məsələ ilə bağlı Sportinfo.az saytına açıqlama verən Şamil Mustafayev baş verənlərə ətraflı izahat gətirib. "Milli dəstə" rəhbərinin sözlərindən sonra aydın olur ki, AFFA-nın onlara qarşı hörmətsizliyi, sən demə, yeni deyilmiş.

"Biz adətən ev matçlarına gəlmirik. Yəni, bizim fəaliyyətimiz səfərdədir. İyunda Azərbaycanda olanda Macarıstanla matçda son anda sektorumuzu 1A-dan 3A-ya dəyişdilər, yəni, stadionun digər tərəfinə. Dəyişmədən öncə AFFA-ya demişdim ki, biz 1A-da, macarlar isə 2B-də otura bilməzlər. Çünki sektorlar çox yaxın və biri birinci, digəri ikinci mərtəbədir. AFFA-dan isə bildirmişdilər ki, heç bir problem yoxdur. Ancaq son anda dəyişmək qərarına gələndə çox etiraz etmişdik və xahiş-minnətdən sonra dəyişmişdik. O zaman soruşanda niyə biz 1A, qonaq komandanın azarkeşləri 2B-dədir, dedilər ki, gələnlər hər zaman 2B-də olub, ona görə sizin sektoru dəyişməliyik.

Dünən nə gördük? Uelsə təxmini 1100 oturacaqlı 3A sektoru veriblər. Həm normadan artıq sayda, həm də düz kameraların önündə. AFFA da, rəhbərlik də Uelsin səfərdə başımıza gətirdiyi oyunları çox gözəl bilir. Öncə sektorumuzu dəyişdilər, daha sonra barabana zülmlə icazə verdilər. Bununla bağlı etiraz da etmişdik. Ancaq nə gördük? Bizə qarşı Uels tərəfindən edilən hörmətsizliyə, AFFA hörmətlə cavab verdi. Kimə xoş olar ki, oturub ev matçımıza səfərdəyik kimi baxaq?

İndi nə oldu, onlara birinci mərtəbədən, özü də kamera önündə belə sektor verdilər? Bunun adı xainlikdir, başqa heç nə".

Mustafayev federasiyadan əvvəllər də gördükləri hörmətsizliyə susmaqlarını bu cür izah etdi: "Buna bənzər hallar bizə qarşı əvvəl də az olmayıb. Amma adətən reaksiya verməmişik. Bu isə sadəcə, rəzalətdir.

Kosovoda qonaq komanda azarkeşləri üçün sektorun təşkil olunmaması, Norveç səfərində xoreoqrafiyaya vaxtında icazə alınmaması və s. Yəni, az olmayıb narazılıq və problemlər. Sadəcə, bəzi şeylərə göz yummaq olur. Ümid edirsən düzələcək. Ancaq bu son hadisə Azərbaycana və Azərbaycan futboluna hörmətsizlikdir. AFFA rəsmiləri gördü ki, Macarıstan Futbol Federasiyası oktyabrda nə hoqqadan çıxdı. 14 yaşlı uşaqlara vuvuzelalar paylamışdılar ki, bizim səsimizi batırsınlar. Yəni, dünya praktikasında bu, təbii haldır ki, yerli federasiya var gücü ilə qonaq komandanın azarkeşlərinə maksimun diskomfort yaratsın. Bizdə isə hər şeyin ən yaxşısını rəqibin azarkeşləri üçün edirlər".

Digər Xəbərlər
Xəbər Lenti