"Bordin də, Ceyhun Sultanov da istefa verməlidir!"

1 Oktyabr 2019 21:40 Azarkeş 1 182
"Bordin də, Ceyhun Sultanov da istefa verməlidir!"

Uğursuz nəticələrə görə "Neftçi"ni boykot, rəhbərliyi isə istefaya səsləməkdə davam edən "ağ-qaralar"ın ən böyük fanat ordusu - "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev Sportinfo.az saytına müsahibə verib.

- Boykot tələbinizi bir neçə oyunluq stadiondan kənar davam etdirsəz də, artıq 6-cı turda "Qəbələ" ilə səfər matçında sizi stadionda "iş başında" gördük.

- Bəli, 1-ci turdan durub komandanı boykot edə bilməzdik. Mövsüm başlayan kimi təzyiq göstərmək düz deyil. Ona görə biz rəhbərliyə 5 tur vaxt vermişdik. Əslində, azarkeş olsaq da, komandanın uğursuz çıxış edəcəyini kənardan görürdük. Biz illərdi tribunadayıq. Bu gün "Neftçi"də işləyən elə adamlar var ki, biz stadionlarda olanda onlar heç futbolda yox idilər. Eniş olacağını gördüyümüz üçün hələlik çəkilib durmuşduq kənarda. Bizim istəyimiz budur ki, "Neftçi"yə layiq olmayanlar istefa verib getsin.

- "İstefa" şüarlarınız növbəti oyunlarda da davam edəcək?

- Əlbəttə. Çünki komandaya yaxşı futbolçular gəlib. Amma bu gün heç biri "Neftçi"nin adına layiq futbol oynamırlar. Bunu tək biz yox, elə klubda işləyənlər də dərk edirlər. Dərk eləmirlərsə, onların böyüklüyü itər. Bizim dediyimizi hamı deyir. "Neftçi" bu gün büdcə baxımından "Qarabağ"dan geri qala bilər, ona görə onlarla oyunu qoyuruq bir kənara. Ancaq "Neftçi" büdcəsi və imkanlarına görə özündən qat-qat zəif rəqiblərlə qələbə qazanmalı olduğu halda 3 xal bir kənara, oynadıqları futbol da komandanın adına yaraşmır. Bu komandada motivasiya sıfır vəziyyətindədir.

- Eşitdiyimizə görə, "Neftçi" rəhbərliyi sizinlə görüşüb məsələni həll etmək istəyib.

- Vallah, burda görüşməli bir şey yoxdur. "Neftçi" azarkeşinin tələbkar olduğunu bütün ölkə, hamı bilir. Bu klub üçünhətta ikinci yer uğur sayıla bilməz. Görüşməkdənsə komandanın nəticəsini düzəltsinlər. Ondan sonra azarkeş klubun yanında olacaq. Bizim istədiyimiz "flaqman"ın layiqli futbol oynamasıdır. Futbolda qələbə də var, məğlubiyyət də. Ancaq oynasınlar, mübarizə aparsınlar. Bu klub Azərbaycan futbolunun "flaqman"ıdır, biz ikinciliyi heç vaxt qəbul etməmişik.

- Sizin indi konkret istəyiniz,tələbiniz nədir, kim getməlidir klubdan?

- Ən azından "Neftçi" layiq olduğu yerə qalxmalıdır. Ən böyük istəyimiz budur. Maraqlanırıq, xəbərimiz var ki, bu gün klubda maliyyə baxımından heç bir çətinlik yoxdur. Maaşlar, mükafatlar verilir, qaydasındadır. Bunun qarşılığında "Neftçi" çempionluğa oynamalıdır. Bordin deyirdi ki, çempionluğa oynayır. Bunu sözdə yox, əməldə göstərmək lazımdır. Onun səhvlərinin ucbatından çox oyunlarda xal itirmişik. Onun danışığına qalsa və Bordini komandada saxlasalar, 25-ci turda "Neftçi"nin 15 xalı olacaq. Biz bunu görürük. Bordinlə yanaşı, Ceyhun Sultanovun da istefasını tələb edirik. Demişdi ki, komandaya gətirdiyim futbolçuların hamısına görə cavabdehlik daşıyıram. Kamran Quliyevin bu adamları istefaya göndərməsini istəyirik. Əgər Kamran müəllim uğursuzluğa göz yumub onları müdafiə eləsə, o da istefa verməlidir. Bu klub millətin, xalqındır. Sponsorlar da dövlətin pulunu verir və yüksək nəticə tələb edirlər.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!