Libertadores kubokunun finalının cavab matçı olan “River Pleyt” - “Boka Xuniors” oyunu təxirə salınıb.
Sportinfo.az xəbər verir ki, buna yerli azarkeşlərin "Boka Xuniors"u daşıyan avtobusa hücum çəkmələri səbəb olub.
Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, bir neçə şüşəsi sındırılıb. Fanatları sakitləşdirməkdə çətinlik çəkən polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.
Qaz isə sınıq pəncərələrdən avtobusun içinə daxil olub və bəzi futbolçular zəhərləniblər. Hətta onlardan bəzilərinin qusduğu bildirilir.
“Boka Xuniors”un baş katibi Kristian Qribauldonun sözlərinə görə, bəzi oyunçulara şüşə qırıqları dəydiyi üçün xəsarət alıblar. Bundan sonra klub prezidentləri görüşərək, qarşılaşmanın vaxtının bu günə keçirilməsini xahiş ediblər.
Beləliklə, "River Pleyt" - "Boka Xuniors" oyunu bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında "La Bombonera"da baş tutan ilk görüşdə qollu bərabərlik qeydə alınıb (2:2).

