Türkiyə Superliqasının son turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” oyununun başlamasından öncə həyatını itirən Koray Şener dəfn olunub.
20 yaşında vəfat edən "Fənər" azarkeşi üçün klubun ev oyunlarını keçirdiyi “Ülkər" stadionunda vida mərasimi təşkil olunub.
Koray Şener İstanbul derbisinə gedərkən yolda ürəktutmasından dünyasını dəyişib. Mərasimə azarkeşlər, futbolçular, klub nümayəndələri, eləcə də prezident Ali Koç qatılıb.
Böyük klub belə olar! Ali Koç başqanlığa tribunadan gəlib. Azarkeşlərin arasından. Onların ruhunu nə istədiyini, nə arzuladığını bilərək, görərək, yaşayaraq. Odu ki, hər qərarında tərəfdarı nəzərə alır.
Misalçsün, «12-ci oyunçu» «getsin» dediyi üçün Kokunu göndərdi. Hər prezident bunu etməz! Aziz Yıldırım kimi! 20 ilə yaxın o qoltuqda əyləşdi, həmişə tribunaya salladı, əleyhinə təzahürat yapanları stadiondan qovdu, axırda tək-tənha qaldı.
Ali Koç tərəfdarın gücünü, təsirini başqalarından yaxşı bildiyi üçün sarı-lacivərd rənglərə könül verənlərlə hesablaşır, onlardan biri olmasını hər fürsətdə dilə gətirir. Bu cür başqanın varsa, sevinməlisən, fan!
Keçən sezondakı «Fənərbağça» eynən bizim klubların günündəydi. Tərəfdar stadiona gəlmirdi, etiraz edirdi, yönətimi istefaya səsləyirdi. Dirəniş çevrilişlə sonunclandı, Yıldırım ayrıldı, Koç prezident oldu.
Premyer Liqamızın 8 klubunun hamısı azarkeş azlığından əziyyət çəkir. 10 həftəsi geridə qalmış çempionatın elə bir oyunu olmayıb ki, stadion yarıyadək dolsun.
«Xəzər Lənkəran» və «Kəpəz»in süqutundan sonra tribuna həqiqi futbolsevərin üzünə həsrətdi. Bu gün liderlərin oyununda 300-500 tamaşaçı görüncə, sevincimizdən özümüzə əl qatırıq, «bayramdı» söyləyirik, yaxşı mənada təəccüblənirik.
Əslində, «nə günlərə gəldik» təəssüfü ilə əlimizi dizmimizə çırpmaq yerinə.
Əksər stadionlarda polisin sayı azarkeşdən çox olur. Əksər hallarda səs-küy salan fanatı tutub birbaşa bölməyə aparırlar. Onların gecənin bir yarısı idarədən çıxması da xəbər olur, manşetə dönür.
Allah heç kimə qara gün qismət eləməsin! Ölüm böyük müsibətdi, ata-ananın üzüntüsünü dağ çəkməz. O anda yüz fikir keçir adamın beynindən.
«Bir mən də…» Yox-yox… İçində özünə təskinlik verib, qara-qura düşüncələri özündən uzaqlaşdırırsan.
Sən yaşayırsan, tabutun içindəki isə az sonra qara torpağın altına yola salınacaq. O kəs futboldan, sevdiyi camiədən ötrü həyatını itiribsə, həmin klub bök klubdu, həmişə yaşayıb və yaşayacaq!
Bizim funksionerləri, azarkeşi görüb yolunu dəyişən klub prezidentləri Ali Koçdan örnək götürməlidi. Ondan tərəfdarın yanında olmağı, onun ailəsinin dərdinə şərik çıxmağı öyrənməsi kimi bir çox şeyləri.
Azarkeşi gərək sevəsən. Çünki o, klubunu sevir. Bu, təmənnasız, içdən gələn, daxili dünyaya hakim kəsilən sevgidi.
ELXAN

