Bu şəxsi tanıyın! - Komandanın səfər oyunlarına cibinin pulu ilə gedir

11 Aprel 19:40 Azarkeş 3 855
Bu şəxsi tanıyın! - Komandanın səfər oyunlarına cibinin pulu ilə gedir

“Turan Tovuz”la “Sabah” arasındakı oyunu yaxından izləyib işıqlandırmaq üçün bu dəfə şəxsi avtomobildən istifadə etməyib, fərqli marşrut seçmişdik.

Qatarla Bakıdan Tovuza yollanıb, qayıdanda hansısa yol “Vito”nun sürətinə, sürücünün diqqətinə bel bağlamışdıq.

Qatarda 5 saata yaxın vaxtı “əritmək” üçün hansı əziyyətə qatlaşdığımı siqaret aludəçiləri yaxşı başa düşər. Saatın əqrəbləri sanki ipdən tutub dayanmışdı, getmək bilmirdi.

Həmkarım Mehman Süleymanovla futboldan, çempionatdan danışmağımız işimizə yaradı. Məlum oldu ki, oturacaq yoldaşlarımızdan biri də məhz bu oyunu canlı izləmək üçün şənbə günü Bakını Tovuza dəyişməyi qərara alıb.

“Sabah”a azarkeşlik edən Eltun Xəlilov bu komandaya sevgisi bir nəfərə görə yaranıb.

Həmin adam hazırda “Sabah”da olmasa da, Eltun üçün ev-səfər anlayışı yoxdur. Şəxsi vəsaiti hesabına Tovuza, Gəncəyə, Qəbələyə gedir, “tələbələr”i tribunadan dəstəkləyir.

Futbolumuzdan, ötən günlərindən uzaq düşən “Sabah”dan, Kaşukdan, Mikelsdən, İsayevdən bir xeyli qeyri-rəsmi söhbət edəndən sonra əsl azarkeşi sizə yaxından tanıtmaq istədim.

- Tovuza şəxsi hesabına getdiyini dedin. Klubda çalışan, yaxud komandada oynayan kiminləsə şəxsi münasibətin var, yoxsa?

- Xeyr-xeyr, heç kimlə əlaqəm yoxdur. Uşaq yaşlarımdan Rusiya futboluna yaxından izləyirəm. Son illərdə pərəstiş etdiyim komanda ölkəmizə yaxın məsafədə yerləşən Krasnodarın eyniadlı komandasıdır. Bildiyiniz kimi, “Krasnodar”ı Murad Musayev çalışdırırdı ki, sonradan “Sabah”a gəldi. Buradakı fəaliyyəti dönəmində məşqçilik bacarığını ortaya qoyub çox güclü kollektiv yaratdı. “Sabah” gümüş medallar qazandı, avrokuboklarda iştirak etdi, Konfrans Liqasında mərhələ adladı, “Partizan” kimi güclü rəqibi Bakıda məğlub etdi. Murad Oleqoviçin gəlişindən sonra məndə “Sabah”a qarşı simpatiya yarandı. Klubun təmənnasız azarkeşinə çevrilməyim sırf bu səbəbdən oldu. Yeri gəlmişkən, uşaqlıqdan oyununu bəyəndiyim İqor Ponomaryovun da “Sabah”da olması diqqətimi çəkmişdi.

- “Tələbələr”in bütün səfər oyunlarına şəxsi vəsaitin hesabına yollandığını dedin.

- İndiyə qədər heç kimdən heç nə gözləməmişəm. Zirə, Bayıl, Mərdəkan, Sumqayıt, hətta Qəbələyə də öz avtomobilimlə gedirəm. Uzaq məsafələrə ictimai nəqliyyatla yollanıram və bundan zövq alıram.

- Klubda, komandada çalışanlar sənin kimi azarkeşin olmasından xəbərdardırlar?

- Yəqin ki, məni oyunlarda görürlər. “Turan Tovuz”la noyabrdakı səfər görüşündə Murad Musayevlə görüşmək imkanım olmuşdu. İqor Ponomaryovla Sumqayıt və Zirədə söhbət etmişik. Cari mövsümdə komandanın bütün oyunlarını stadionda izləmişəm.

- İqtisadi vəziyyətin ağır olduğu dövrdə Azərbaycan klubuna görə öz cibinin pulundan keçməyə dəyər?

- Bir insan komandanı təmənnasız sevirsə və əsl azarkeşdirsə, burada maddiyat ikinci plana keçir. Sözsüz, səfərlər heç də az maliyyə tələb etmir. Nəqliyyat, qidalanma, bəzən məskunlaşma – üst-üstə gələndə normal məbləğ edir. Mən bundan həzz alıram, ona görə də pulu düşünmürəm.

- Avrokuboklardakı səfər oyunları zamanı tribunada “Soldati Di Sabah” azarkeş qrupunun üzvləri yer almışdı. Sən də getmişdin?

- Bildiyimə görə, gedənlər olmuşdu, amma mən getməmişdim. Sözün düzü, müraciət də etməmişdim. Etsəydim, bəlkə səfərimi təşkil edərdilər. Açığı, bununla bağlı müraciət etməkdən çəkinmişdim.

- Komandanın cari mövsümdəki çıxışında qeyri-sabitlik müşahidə olunur. Səncə, vəziyyətin bu cür alınmasına nə, yaxud kim səbəb oldu?

- Murad Musayevin gedişi məndə şok yaşatdı. Hətta bunu klub adına faciə kimi qəbul etdim. Amma edə biləcəyimiz bir şey yox idi. Futbol belədir, kimsə gəlir, kimsə gedir. Bu cür alındısa, anlayışla qarşılamalıydıq. Krunoslav Renduliçin təyinatından əvvəl məşqçinin karyerasına göz gəzdirdim, haqqında müəyyən məlumatlar aldım. Son iki oyunda məğlub olsaq da, Renduliçin təcrübəsinin yaxşı mənada işə yarayacağını düşünürəm. Komandalar arasında xal fərqi azdır, 1-2 qələbə ilə vəziyyəti dəyişmək mümkündür. İnanıram ki, “Sabah” mövsümün yekununda avrokuboklara vəsiqə qazanan komandalardan biri olacaq.

- Səncə, azarkeşi olduğun komanda mövsümü neçənci pillədə başa vuracaq?

- Nə gizlədim, avrokuboklardakı oyunlardan sonra “Sabah”a böyük inamım var idi. Düşünürdüm ki, çempionluq mübarizəsində “Qarabağ”la sona qədər mübarizə aparacaqlar. Lakin indiki vəziyyət elədir ki, ikinci yer də uğur sayılacaq. Məncə, gümüş medallar “Sabah”ın olacaq. İlk pillə əldən çıxdı, heç olmasa ikinci yeri tutaq. Bunun üçün komandanın potensialı var. Sadəcə, toparlanmaq lazımdır.

- Futbolçulardan ən çox kim(lər)i bəyənirsən?

- Davit Volkovun pərəstişkarıyam. Hücumçu keyfiyyətlərini bəyənirəm, qol duyumu yüksəkdir. Özüm həvəskar səviyyədə oynayanda hücumçu olmuşam. Anatoli Nuriyev də bəyəndiyim oyunçudur.

- Rusiya futbolunu izlədiyini dedin. Həmin ölkənin Premyer Liqasından gəlmiş Ayaz Quliyev hələ ki, ümidləri doğrultmur.

- Quliyev “Spartak”ın akademiyasından əsas komandaya qədər yüksələrək elitada oynayıb. Rusiyanın bütün yaş qruplarından ibarət komandalarının şərəfini qoruyub. Demək ki, bacarıqlı futbolçudur, keyfiyyəti var. Aldığı zədələr hansısa mənada özünü göstərdi. Ağır zədədən sonra qısa müddətdə ideal formanı qaytarmaq olmur. Üstəlik, heç vaxt oynamadığı çempionata gəlib. Məncə, Ayaz ən qısa zamanda “Sabah”ın vacib fiqurlarından olacaq. “Turan Tovuz”a məğlub olmağımıza baxmayaraq, meydanda ən yaxşılardan biri, bəlkə də birincisi idi. Digərləri də onun kimi oynasaydı, qalib gələcəkdik.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti