"Forza Neftçi"dən "AFFA istefa" şuarına reaksiya gəldi

20 Noyabr 2021 18:00 Azarkeş 1 170
"Forza Neftçi"dən "AFFA istefa" şuarına reaksiya gəldi

“Qarabağ”ın azarkeş qrupu “İmarət” Azərbaycan Premyer Liqasının 11-ci turunda “Keşlə” ilə matçda (1:0) səsləndirdiyi "AFFA istefa" şüarı geniş müzakirələrə yol açdı.

Hətta iş o həddə çatdı ki, azarkeş qrupu bu gün öz Feysbuk səhifəsində yaydığı bəyanatla dünən atdıqları addıma aydınlıq gətirmiş oldu.

Eyni şuarın bu gün keçiriləcək "Neftçi" - "Sabah" qarşılaşmasında səslənəcəyi gözlənilir.

Bunu son çempionun ən böyük azarkeş qrupu olan "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyev əməkdaşımızla söhbətdə deyib.

Sitat: "Bu mövzuda geniş müzakirə aparmamışıq. Onsuz da, "İmarət" kimi hamımız hazırkı AFFA rəhbərliyindən narazıyıq. Eyni şuar "Neftçi"nin oyunda da ola bilər".

"İmarət"in yaydığı bəyanat isə aşağıdakı kimidir. “İmarət Tayfa”nın dünən keçirilən "Qarabağ" - "Keşlə" matçında “AFFA istefa” şüarları səsləndirməsi azarkeş qrupumuzun mövqeyidir.

Millimiz uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur.Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmə də inikişafımızın tək yoludur.

Əlavə olaraq, bir daha xatırladırıq ki, azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən, "Qarabağ"dan maliyyələşmir.

Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız və yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdür.

Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir. İmarət Azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti