Ötən həftə AFFA intizam komitəsinin açıqladığı cəzalar arasında "Qəbələ"nin 4000 manat cəzalandırılması təəccüb yaratdı.
Bölgə klubuna belə ağır cəza verilməsinə səbəb kimi“ “Zirə” oyununda yerli azarkeşlərin oyunun rəsmi şəxslərini təhqir etməsi göstərilmişdi. Görəsən, hansı rəsmi şəxslər təhqir olunub?
Məsələni dəqiqləşdirmək üçün "Red Black Army" azarkeş qrupunun rəhbəri Cavad Şərifli ilə əlaqə saxladıq.
Qrup rəhbəri Sportinfo.az-a açıqlamasında bunları dedi: "Bəzi azarkeşlər baş hakim Əliyar Ağayevi söyüb. Bu adam illərdi sanki "Qəbələ" ilə prinsip aparır. Məsələn, müəyyən qayda pozuntuları var ki, onu verə də bilər, vermiyə də bilər. Digər oyunlarda üzərindən keçdiyi epizodlarda "Qəbələ"li futbolçulara vərəqə verir və ya cərimə təyin edir. Bu da bəzi azarkeşlərimizi hiddətləndirib. Yəqin ki, ona sərt reaksiya verilib".
Şərifli istənilən halda cəza məbləğinin həddindən çox olmasından şikayətlənib: "Verilən cəriməni ədalətli saymıram. Çox ağır cəzadır. "Qəbələ"nin mühafizəçiləri və ya digər nəzarət edən şəxslər oyunlarda olan 800-1000 azarkeşin bir-bir yanında dayanası deyil axı. Hansısa 3-5 nəfər söydüyü söyüşə görə hər dəfə "Qəbələ" cərimə olunmalıdır? Özü də 4000 min manat. Cərimə olar, daha belə məbləğ yox da. Nəzərə alaq ki, komandamızın büdcəsi hazırda o qədər yaxşı deyil".

