UEFA AFFA-ya aprelin 30-na qədər vaxt verdi

16 Aprel 2020 12:30 AÇ-2020 1 177
UEFA AFFA-ya aprelin 30-na qədər vaxt verdi

Koronavirus pandemiyasının nəhəng futbol turnirlərinin təşkilatçılığına ciddi zərbə vurması bəlli həqiqətdir.

Sportinfo.az xəbər verir ki, UEFA bir ay əvvəl futbol üzrə qitə çempionatını birilliyə təxirə salmaqla bağlı qərar verib.

2021-ci ildə keçiriləcək turnirin hələ ki adı dəyişməyib, yəni AÇ-2020 adlanır. Bunun da səbəbi aydındı: üzərinə indiki emblem vurulan tonlarla atribut hazırlanıb, addəyişmə isə bütün bunların silinməsinə, deməli, həm də UEFA-nın ciddi maliyyə itkisinə yol açacaq.

UEFA-nın sabiq prezidenti Mişel Platininin qitə çempionatının oyunlarını 12 müxtəlif şəhərdə keçirməyə dair avantürist ideyası bu gün vəziyyəti daha da dramatikləşdirən məqamdı.

Qurumun yeni rəhbəri Aleksander Çeferin birmənalı şəkildə Platininin ideyasının əleyhinədi. Gələn il qitə çempionatının oyunlarını qəbul edəcək şəhərlərin yekun siyahısı hələ təsdiqlənməyib. Daha doğrusu, UEFA yekun qərara gəlmək üçün bütün təşkilatçı şəhərlərə aprelin 30-na qədər vaxt verib.

Bəzi şəhərlərin, xüsusən də Bilbao, Roma və Münhenin namizədliyini geri çəkməsi istisna olunmur. Belədə ya yeni şəhərlər təsdiqlənəcək, ya da oyunlar iddasından çəkilməyənlər arasında bölüşdürüləcək.

Təbii ki, 2-ci variant daha az zəhmət tələb edir. Buxarest və Sankt-Peterburq ilə yanaşı, Bakı da daha çox oyun keçirməyə iddialılar sırasında göstərilir.

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev son günlərdə verdiyi açıqlamalarda bu niyyəti gizlətməyib. Xatırladaq ki, hələ də qüvvədə olan təqvimə görə ölkəmizin paytaxtı 3 qrup və 1 1/4 final oyununu qəbul etməlidi.

Rusiyanın “Sport-Ekspress” qəzetində dərc olunan yazıda Bakı haqda qeydlər də yer alıb: “Azərbaycan yığması turnirdə iştirakla bağlı bütün şanslarını itirən yeganə təşkilatçı ölkədi. Ancaq bu ölkənin idman bayramı təşkil etmək arzusuna heç cür təsir göstərmir.

Bundan əlavə, Bakı Olimpiya Stadionu üzərinə ikiqat yük götürməyə hazırdı. A qrupunun oyunlarını Roma və Bakı birgə keçirməlidi, ancaq “Olimpiko” sual altındadı, Şərqdə isə həmkarlarını “sığortalamağa” hazırdılar. AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun “Sputnik”ə dedikləri:

“Azərbaycan beynəlxalq yarışları, o cümlədən futbol turnirlərini də ən yüksək səviyyədə keçirməyə qadir olduğunu artıq çoxdan sübut edib. Odu ki, qonaqpərvərliyimizi bir daha göstərməyə imkan verəcək A qrupunun 6 oyununu keçirmək bizə problem deyil. UEFA İtaliya yığmasının oyunlarını da bizə versə, bu, Azərbaycana etimadın daha bir sübutu olacaq”.

AÇ-nin Türkiyə ilə İtaliya arasındakı açılış oyunu Romada keçirilməlidi. Həmin oyunun Bakıya verilməsi mümkündü”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!