"Mən artıq öz işimi görmüşəm, yenə əl çəkə bilmirəm" - FOTO

22 Avqust 2023 07:20 Atıcılıq 391
"Mən artıq öz işimi görmüşəm, yenə əl çəkə bilmirəm" - FOTO

Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatında maraqlı şəxslərə rast gəlmək mümkündür.

Sportinfo.az xəbər verir ki, onlardan biri də Peru Atıcılıq Federasiyasının prezidenti, Beynəlxalq Atıcılıq İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, stend atıcısı Fransisko Bozodur.

58 yaşlı atlet ilk dəfə 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarına qatılıb, 1984-cü ildə Los-Anceles olimpiadasında isə gümüş medala yiyələnib.

İndiyə qədər 8 olimpiadanın iştirakçısı olmuş, Bakıya “Paris-2024”ün final arzusu ilə gəlmiş Bozo müsahibə verib.

- Bildiyimə görə, Azərbaycana ilk gəlişinizdir.

- Həyatım boyu bir çox ölkələrdə olmuşam. Amma möhtəşəm ölkənizə ilk dəfədir gəlirəm. Hazırda əyləşdiyimiz Bakı Atıcılıq mərkəzi mükəmməldir. Şəhəri gəzmək imkanım da oldu. Bakı çox gözəl və müasir şəhərdir. Ölkəniz varlıdır, zəngin mədəniyyətinizə də söz ola bilməz. İnsanlarınızın qonaqpərvər olduğunu xüsusilə qeyd etməliyəm. Qonaqlara hər məsələdə kömək etməyə çalışırlar. Taksi şoferləri olsun, otelin işçiləri, könüllülər...

- Azərbaycan okeanın o tayından göründüyü kimidir? Yoxsa, təsəvvür etmədiyiniz mənzərə ilə qarşılaşdınız?

- Bakı Atıcılıq Mərkəziylə bağlı yaxşı sözlər eşitmişdim. Təəssüf ki, bu vaxta kimi burada olmamışdım. Nəhayət, bu il gələ bildim. Mən komandanın rəhbəri kimi burdayam. Beynəlxalq Atıcılıq Federasiyasına müraciət edərək yarışa idmançı qatılmaq istəyimi də bildirdim. Buna icazə verdikləri üçün onlara təşəkkür edirəm. Mayda Bakıda keçirilən dünya kubokunda iştirak edə bilmədik. Uçuşla bağlı problemlərimiz oldu. Amma bundan sonra burada keçiriləcək bütün tədbirlərdə iştirak etməyə çalışacağıq.

- Atanız da məşhur atıcı olub. Atıcılıq sizə irsi keçib? Maraqlıdır, bu idman növünə neçə yaşınızdan maraq göstərmisiniz?

- 6 yaşımdan atamla birlikdə ova gedirdik, quş ovlayırdıq. Güllə atmağa marağım kiçik yaşlarımdan olub. İlk dəfə 1975-ci ildə stend atıcılığı üzrə yarışlarda iştirak etməyə başlamışam. 1980-ci ildə, 15 yaşım olanda, Moskvada keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişəm. 40 ildən çoxdur bu sahədəyəm. 8 olimpiadada iştirak etmişəm.

- Azərbaycanda hər cür şərait olsa da, atıcılarımız beynəlxalq arenalarda ciddi nailiyyətlərə imza ata bilmirlər. Təcrübənizə əsaslanaraq nə məsləhət görərdiniz? Necə inkişaf etmək olar?

- Yəqin ki, ötən gün keçirilən finala baxdınız. Orada çıxış edən idmançılardan birinin 24-25 yaşı var idi. Bu o deməkdir ki, idmanda çox ciddi rəqabət var. Düzdür, mən yaşlı olsam da, idmandan əl çəkmirəm. Amma nəticə qazanmaq üçün bu işə uşaq yaşlarından başlamaq lazımdır və kütləvilik olmalıdır.

Hindistanda 6-7 milyon insan atıcılıqla məşğul olur. Çin də bu sahədə uğurludur. Onlarda bu ənənə əvvəldən var idi. Hindistanın indiki idman naziri Afina Yay Olimpiya Oyunlarında medal qazandıqdan sonra bu ölkədə atıcılığa xüsusi diqqət ayrılmağa başladı. Azərbaycanda da atıcılıq mərkəzi mükəmməldir. Gəncləri bu idmana cəlb etməklə inkişafa nail olmaq olar.

- Dünya çempionatında yarışanlaırn əksəri gənclərdir. Onlar arasında dəqiq atış etmək, Olimpiya Oyunların lisenziya qazanmaq çətin deyil ki? Yoxsa əksinə, yaş amili sizin üçün üstünlükdür?

- Mən əvvəlki illərdə artıq öz işimi görmüşəm. Bu, mənim üçün əyləncədir. Daha yaxşı etmək üçün çalışıram. Sadəcə bu idman növündən əl çəkə bilmirəm. Medal qazanmaq, yer tutmaq kimi xüsusi hədəfim yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"