Bakı dünya çempionatları tarixində özünə yer etdi

6 Sentyabr 2023 23:40 Atıcılıq 343
Bakı dünya çempionatları tarixində özünə yer etdi

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatdı.

Gərgin mübarizə şəraitində keçən mundialın maraqlı edən məqamlardan biri də rekordlardır.

Turnir zamanı 7 yeni rekord qeydə alınıb. 6 növdə isə mütləq nəticə təkrarlanıb.

Xüsusilə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma növündə qızıl medal qazanan Li Yuehonq tarixi rekorda imza atıb. O, mümkün 40 atışdan 39-nu dəqiq yerinə yetirməklə buna nail olub.

50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında yarışda ABŞ komandası 1774 xal toplayaraq yeni dünya rekordunun sahibi olub. Şimali amerikalılar əvvəlki göstəricini 19 xal yaxşlaşdırıblar.

Dairəvi stend atıcılığında da qadınlardan ibarət ABŞ komandası yeni rekorda sahib çıxıb. Ostin Ceuell Smit, Dania Jo Vitsi və Samanta Simonton triosu 365 xal toplamaqla buna nail olub.

ABŞ təmsilçiləri dairəvi stend atıcılığının qarışıq komanda növündə də rekord gerçəkləşdiriblər. Təsnifat mərhələsində Ostin Ceuell Smit və Vinsent Hankok cütlüyü 149 xal toplayaraq bu uğura imza atıb.

50 metr məsafəyə uzanaraq atəş açma yarışının qarışıq komanda növündə isveçrəlilər rekord sahibi olub. Çiara Leone və Yan Loxbihler cütlüyü ümumilikdə 1249.7 xal toplayıb.

Bakı mundialının yaddaqalan atletlərindən biri 19 yaşlı çinli Qionqyu Janq olub. Gənc olmasına baxmayaraq, böyüklərlə mübarizəyə qatılaraq 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında yarışda çıxış edən qız qızıl medal qazanmaqla yanaşı 2 uğura imza atıb. Təsnifat mərhələsində dünya rekordu qıran gənc atıcı finalda da buna nail olub.

Təkrarlanan rekordların sayı isə daha çoxdur. Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma yarışlarında Çin komandası 1756 xal toplamaqla son rekorda çatıb.

Qadınlar arasında 25 metr məsafəyə tapancadan atəş açma yarışında Doren Vennekamp mümkün 40 xal toplamaqla rekordu təkrarlayıb.

300 metr məsafəyə uzanaraq atəş açma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç 3-cü dəfə dünya çempionu olmaqla yanaşı maksimum - 600 xal toplayaraq dünya rekordunu təkrarlayıb.

Stend atıcılığının səngər növündə qadınlardan ibarət İtaliya komandası rekord 354 xal toplayaraq dünya rekordunu təkrarlayıb.

Kişilərin dairəvi stend atıcılığında isə 2 idmançı bu uğura nail olub. ABŞ təmsilçisi Vinsnet Hankok və Misirli Azmi Mehelba mümkün 125 xalın hamısını toplamağı bacarıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının məlumatına görə, indiyədək atıcılıq üzrə heç bir dünya çempionatında bu qədər rekord qeydə alınmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"