Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start!

20 Oktyabr 2018 00:10 Atçılıq 479
Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2019-cu ildə keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına başlayıb.

BŞH-nın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, sayca dördüncü dəfə baş tutacaq yarışın təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır.

Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur.

Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, onların peşəkar inkişafına da diqqət göstərir.

Builki hazırlıq prosesində könüllüləri onların daha çox fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, bir çox fərqli mövzuda seminarlar və danışıq klubları gözləyir.

Burda onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni məlumatlar qazana və fikir mübadiləsi apara bilərlər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.

Bu cür tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər. Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti