Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov mediaya verdiyi geniş açıqlamada “Fotmula 1” yarışmasının gələcək taleyindən danışaraq deyib:
"Bu günlərdə biz hansısa bir razılığa gəlməliyik. Düşünürəm ki, razılaşacağıq. .... Çalışırıq ki, müqavilə bizim ölkəmiz üçün ən yaxşı formatda olsun. Və həm biz, həm də “Formula-1”-in rəhbərliyi istəyirik ki, yarışlar azı 2025-ci ilə qədər Bakıda keçirilməkdə davam etsin”.
Biri bu gənci durdursun! O, ölkəmizə, paytaxtımıza, insanlara problem yaratmaq, daha dəqiqi, yaradılmış problemin uzun ömürlü olmasını istəyir. Bu barədə zəruri bir abzasdan sonra daha geniş yazarıq.
İndi baxaq, görək, Arif Rəhmov kimdir.
Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. O, orta məktəbi Bakıda bitirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub, ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkət qurub və hazırda ona rəhbərlik edir. Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır.
Arif Rəhimov hazırda Londonda yaşayır.
Bəli, cənab Rəhimov özü Londonda yaşayır, amma hər ilin yazında onsuz da nəqliyyat intensivliyi ürəkaşan səviyyədə olmayan Bakıda “tıxac cəhənnəmi” yaranmasını təşkil edir.
Təbii ki, o gənc yaşında bu mərtəbələrə nazir atasının nüfuzu, əlaqələri hesabına nail olub. Orta və ali məktəbi Arif Rəhmovdan da yaxşı qiymətlərlə bitirən, ingilis və rus dillərini ondan da yaxşı bilən gənclər isə ən adi dövlət qulluqçusu vəzifəsi tutmaq üçün ard-arda imtahan verir, birinci mərhələni keçir, ikincidə - “müsahibə” bölümündə qapı dalında qoyulurlar.
Rəhimov özü sağdan-soldan çərçivələnmiş, hamarlanmış karyera və biznes yollarında “Ferrari” sürətli ilə şütüyüb getməkdədir. Amma bu, o qədər də tutarlı ittiham deyil. Bu ölkədə övladlara vəzifəli, nüfuzlu valideyn himayədarlığı həmişə olub, olacaq.
Ancaq əsas məsələ həmin övladın, konkret olaraq, “Formula 1” yarışmasını Bakıda təşkil edən Arif Rəhimovun ölkəyə nə dərəcədə faydalı fəaliyyət göstərib-göstərməməsidir.
Deyilə bilər (necə ki, tez-tez deyilir) ki, bu yarışma ölkənin reklamı, dünya miqyasında tanınması, habelə ölkəyə turst axınının intensivləşməsi baxımından önəmlidir.
Əfsanə söhbətdir. Təcrübə göstərir ki, Bakıda avtomobil ötüşdürülən günlərdə ölkəmiz heç də turistlərlə dolub-daşmır, hətta başqa vaxt şəhər küçələrində daha çox tursit görmək mümkündür.
Bakı pis-yaxşı regionun ən çox ziyarət olunan şəhərlərindən birinə çevrilib və bu, heç də burada keçirilən idman və sair yarışmalarla bağlı deyil. Üstəlik, Bakıya gələn turistlər heç də Avropadan, “Formula”ya maraq göstərən ölkələrdən gəlmir.
Ondan da ötəsi həmin yarışmayla bağlı Bakı həm yerli adamlar, həm də turistlər üçün narahat bir şəhərə çevrilir. Şəhərin mərkəzi küçələri dəmir qəfəslərlə hasarlanır, bir çox küçələrə giriş-çıxış məhdudlaşdırılır, parketmə yasaqlanır. Ayrıca şəhərin mərkəzində uzun sürən tıxaclar yaranır. Nəticədə həm yerli adamlar, həm də turistlər bu mənzərədən sıxılır, əsəblə keçən saatlar yaşayırlar.
O da açıqlığı ilə ortadadır ki, bu şəhərdə maşın ötüşdürmə yarışmasının xiridarları, azarkeşləri elə də çox deyil və şəhərin müxtəlif yerlərində onlar üçün quraşdırılmış tribunaları doldurmurlar. Düzdür, büdcə təşkilatlarının boynuna qoyaraq, onlara zorla bilet aldırmaq, sonra bu biletləri “şəhər zəhmətkeşləri”nə ya müftə-müsəlləm paylayaraq, ya da dəyərindən ucuz sataraq vəziyyətdən çıxmaq olar, amma bu nə qədər rentabellidir və iqtisadi baxımdan faydalıdır? Bu, sadəcə, pulu bir cibindən çıxarıb digərinə qoymaqdır.
Bu baxımdan “Formula 1” yarışmasının 2025-ci ilə qədər Bakıda təşkil olunması ideyası ziyanlıdır, şəhər əhalisinə boş-boşuna işgəncə verməkdir.
Onu da nəzərə alaq ki, bu düz-əməlli, gəlirli bir yarışma olsaydı, başqa şəhərlər onu bizə bu qədər asanlıqla verməzdilər, dirəşər, özləri götürərdilər.
Xalid KAZIMLI

