COP29

Qərb derbisinə əlavə intriqa qatan İKİ ADAM

26 May 15:15 Araşdırma 635
Qərb derbisinə əlavə intriqa qatan İKİ ADAM

Bu həftə bölgədə qərb derbisi baş tutacaq.

Avrokuboklar uğrunda mübarizə aparan komandaların duelləri futbolsevərlərdə elə həyəcan yaradıb ki, “Turan Tovuz” – “Kəpəz” qarşılaşması bir növ kölgədə qalıb.

Halbuki, prinsipiallıq pik həddədir.

Tovuzlular xal ehtiyatını bir az da yaxşılaşdırıb mövsümü 6-cı pillədə rahat başa vurmaq üçün bu oyundan qələbə ilə ayrılmalıdır. Təkcə nəticə baxımından deyil, küskün azarkeşlərin könlünü şad etmək üçün 3 xalın ciddi önəmi var.

“Sarı-göylər” də qalibiyyət həvəsindədir. Çempionatı indiki yerdə - 8-ci sırada başa vurmaq üçün azı 1 xal mütləqdir. “Araz-Naxçıvan” “Qarabağ”dan xal qoparsa, məğlubiyyət fonunda gəncəlilərin işi çətinə düşəcək.

Komandaların cari mövsümdəki görüşlərində tovuzluların üstünlüyü nəzərə çarpır. 2 oyunda “Turan Tovuz” üstün olub, 1 dəfə “Kəpəz” qələbəyə sevinib.

“Turan”ın qalib gəldiyi qarşılaşmalarda rəqibin baş məşqçi postunu Azər Məmmədov tuturdu. Ayxan Abbasov Məmmədovu hər iki halda üstələsə də, Adil Şükürovla yanvardakı dueldən məğlub ayrılıb.

Matçın önəmli məqamlarından biri də elə Abbasovla Şükürovun qarşıdurmasıdır. Bu iki çalışdırıcı vaxtilə “Zirə”də çiyin-çiyinə işləyib.

Adil bəy əsas komandanın baş məşqçisi olanda, Abbasov onun köməkçisi idi. İlk mövsümdə bürünc medalları qazanan komandanın məşqçilər heyətində yer alan ikili növbəti futbol ilində ayrı düşdülər.

Şükürov əsas, Abbasov əvəzedici komandada baş məşqçi səlahiyyətlərini daşımağa başladı.

İş elə gətirdi ki, ikinci mövsüm “Zirə” üçün uğursuz başladı. Adil bəy getdi, Ayxan bəy rəhbərlikdən əsas komandanın başına keçmək tapşırığı alıb işinin icrasına başladı və Premyer Liqada baş məşqçi kimi ilk ilindəcə “qartallar”ı dördüncü yerin sahibi kimi avrokuboklara daşıdı.

Şükürov “bürünc” qazandırmışdı, Abbasov isə hədəfə dördüncü yerlə çatdı. Fərq onda idi ki, “Zirə” UEFA-nın məlum “3 il” tələbinə görə Avropa Liqasında mübarizəyə qoşula bilmədiyi halda, Ayxan bəyin dövründə komanda beynəlxalq arenalarda debüt etdi. Və bununla da Ayxan Abbasovun dönəmi daha yaddaqalan oldu.

Məhz bu faktın dərinliyinə varıb “Turan”la “Kəpəz”, Abbasovla Şükürov arasındakı intriqanın mahiyyətini anlamaq üçün başqa nöqtələr axtarmağa gərək qalmır.

İlk dueldə “Kəpəz”in qalib gəlməsi, bu oyunun Tovuzda keçirilməsi, “Zirə”dən qalan “xatirə” – qərb derbisinin adına yaraşan şəkildə keçəcəyinə şübhə yeri yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!