"Bəlkə də kimisə vurmaq istəyirmiş, amma bıçaq gəlib mənə dəydi”

6 Fevral 2023 00:30 Araşdırma 531
"Bəlkə də kimisə vurmaq istəyirmiş, amma bıçaq gəlib mənə dəydi”

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində Bakıda, "ASCO Arena”da baş tutan "Səbail” - "Kəpəz” matçında xoşagəlməz hadisə yaşandı.

Oyunun fasiləsində stadionun yaxınlığında iki komandanın azarkeşləri arasında mübahisə düşdü.

İnsident zamanı "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz"in fanatı Rahib Ələsgərova xəsarət yetirdi. Qarın boşluğundan yaralanan gəncəli fanat dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və xoşagəlməz hadisə ilə bağlı cinayət işi açılıb.

Sportinfo.az xəbər verir ki, hazırda xəstəxanada yatan və durumu yaxşıya doğru irəliləyən Ələsgərov qaynarinfo-ya açıqlama verib. O, baş verənləri xatırlayıb və hadisənin səbəbi haqda danışıb:

"Hazırda xəstəxanadayam, vəziyyətim yaxşıdır. Yavaş-yavaş düzəlirəm, min şükür. Həkimlər nə vaxt məsləhət görsə, o zaman evə buraxılacağam. Addım-addım hərəkət edə bilirəm”.

Oyundan sonra klubdan verilən açıqlamada hadisənin ilk dövrədən qalan ədavətin davamı ola biləcəyi vurğulanmışdı. Rahib davanın necə və nəyin üstündə düşdüyünü, bıçaqlandığı anla bağlı fikirlərini söylədi:

"Məni vuran adamın ümumiyyətlə üzünü görməmişəm. O da məni tanımır. Çünki o, Bakıda yaşayır, mən Gəncədə. Sadəcə, qrup şəklində dava düşdü.

Bıçaq da tərslikdən gəlib mənə batdı. Bu söhbət yayda olub bitmişdi. Sonradan onlar azarkeş qrupu kimi yenə Gəncəyə qonaq gəldilər.

Yəni, bu məsələ ümumiyyətlə uzanmadı. Azarkeş kimi dəstəklərini verdilər və çıxıb getdilər. Biz onların nə qarşılarını kəsdik, nə də bir şey etdik.

Yəqin planları var imiş, gözləyirmişlər ki, Bakıda oyun olsun, öz meydanlarında gəlib bizim azarkeşləri döysünlər.

Biz Bakıya gələndə bu söhbəti açmağa başladılar. Daha sonra dava düşdü. Yaydakı oyun zamanı onlara heç nə deməmişdik.

Sadəcə, həmin vaxt biz hesabda irəlidə idik. O, maykasını əynindən çıxarmışdı. Stadionun ətrafında yaşayış olduğu üçün ona tribunanı bu şəkildə tərk etməməsini söyləmişdilər.

O da həddini aşmadığını və stadionun içində olduğunu demişdi. Aralarında mübahisə düşdü, lakin sonradan barışdılar.

Bakıda bilmədim, necə oldusa, söhbət yenidən açıldı. Hər iki tərəfin azarkeşləri arasında dava düşdü. Bəlkə də kimisə vurmaq istəyirmiş, amma bıçaq gəlib mənə dəydi”.

"Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti