Dekabrın 23-də itkin düşən "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Naimin Bünyatzadə hələ də tapılmayıb.
Sportinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Qərargahı məlumatı sonuncu dəfə dekabrın 31-də yenilənib.
Məlumatda deyilir ki, axtarışlar yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. “Dekabrın 31-dən hava şəraiti daha da pisləşib.
Axtarış-xilasetmə tədbirlərinin aparıldığı ərazidə güclü külək və qar müşahidə olunur. Meteoroloji şəraitin getdikcə sərtləşəcəyi proqnozlaşdırılır. Lakin buna baxmayaraq, axtarış-xilasetmə tədbirlərinin fasiləsiz aparılması nəzərdə tutulub”.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə nazirliyin müvafiq xilasetmə qurumlarının canlı qüvvə və texnikası, xüsusi təlim keçmiş itlər cəlb olunub.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
Bununla yanaşı, son günlər sosial şəbəkələrdə əməliyyat qərargahının və onun rəhbərinin ünvanına ciddi tənqidlər səslənməkdədir.
Axtarışda könüllü kimi iştirak etdiyini bildirən bir neçə şəxs facebook şəbəkəsində qərargahın axtarış üçün lazımi qədər texnika və itlər cəlb etmədiyini və digər hallarla bağlı tənqidi fikirlər yazır.
Öz növbəsində, Fövqəladə Hallar Nazirliyi təəssüf hissi ilə əməliyyat barədə məlumatların mütəmadi yenilənməsinə baxmayaraq, bəzi xəbər saytlarının həqiqəti əks etdirməyən məlumatlar yaydığını bildirir.
Əməliyyat Qərargahı bildirir ki, alpinistlərlə əlaqənin itməsi barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə dekabrın 26-da axşam saatlarında daxil olub.
Növbəti gün, 27 dekabr 2017-ci ildə səhər saatlarında axtarış-xilasetmə işlərinə başlanılıb. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin mürəkkəb şəraitlərdə xilasetmə işləri aparmaq təcrübəsi olan peşəkar xilasediciləri cəlb olunub ("Amerikanın səsi").
“Gilavar” Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımovun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək:
"Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli dağçıdır. Baburun üzərində 27 kq-lıq ruqzak olub, ola bilməz ki, bu çantadan hansısa bir əşyanı biz tapmayaq.
Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala, onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".
Z.Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.

