Bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir

13 İyul 2019 19:00 Ağır atletika 779
Bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Ümumdünya Yay Universiadasında üçtəkanla tullanmada qızıl medal qazanan Nazim Babayev təəssüratını bölüşüb.

Sportinfo.az xəbər verir ki, atlet bunları deyib:

“30-cu Ümumdünya Yay Universiadasında Azərbaycan bayrağını zirvələrə qaldıraraq vətənimin idman şərəfini layiqincə qoruya bildiyim üçün qürur duyuram.

Yarışa İngiltərədə keçirilən Avropa çempionatından sonra hazırlaşmağa başladım və bir ay ərzində iki dəfə təlim-məşq toplanışlarında oldum.

Bu yarışlara məşqçimlə birlikdə Antalyada hazırlaşırdım. Bu il əsas hazırlaşdığım yarışlar Universiada və 23 yaşadək idmançılar arasında Avropa çempionatıdı.

Bu qitə çempionatı İsveçin Qalve şəhərində keçiriləcək. Hazırda bu yarışa yollanıram. Universiadada gərgin mübarizə yaşandı.

Yarışın əvvəlində planlaşdırdığım kimi tullana bilmədiyim üçün çıxışlarımdan razı qalmırdım. Hətta iki cəhdim qeydə alınmadı.

Amma üçüncü cəhddə özümü toparlayaraq 16,36 m nəticə göstərərək finala yüksəldim. Finalda yenə iki cəhdim uğursuz oldu.

Lakin sonuncu cəhddə 16,89 m nəticə ilə qızıl medal qazandım. Qızıl medal aldığıma görə sevinirəm.

Mənim üçün bu yarışda əsas məqsəd Azərbaycanın bayrağını yüksəltmək idi. Göstərdiyim nəticə normaldı.

Əsas odu ki, Azərbaycan bayrağını zirvələrə qaldırdım və vətənimin idman şərəfini ləyaqətlə qorudum”.

Universiadaya hazırlıq dövründə bir neçə turnirdə çıxış etdiyini vurğulayan atlet sözlərinə belə davam edib:

“Bunlardan ən əsası İtaliyada keçirilən Brilyant Liqa idi. Bu yarışda 17,06 m nəticə göstərmişdim.

Cari mövsümdə göstərdiyim ən yaxşı nəticədi. İstəyirdim bu yarışlarda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanım.

Məqsədimə nail ola bilmədim. İsveçdə keçiriləcək Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın bayrağını yüksəldəcəyimə və Olimpiadaya vəsiqə qazanacağıma inanıram”.

Xəbər Lenti