"Mən bunu araşdıracam, AFFA-dan 1 qram da şikayətimiz yoxdur"

5 Dekabr 2020 16:00 I Divizion 1 034
"Mən bunu araşdıracam, AFFA-dan 1 qram da şikayətimiz yoxdur"

«Futbolçularımdan kimin belə söz deməsi özümə də maraqlıdır, mən bunu araşdıracam».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Redaksiyamızla əlaqə saxlayan 2 futbolçu maaşların ödənilməsi ilə bağlı problemlərinin olduğunu bildirib. Onların dediyinə görə, son 6 ayda cəmi 1 dəfə əməkhaqqı alıblar.

Belə ki, AFFA koronavirus pandemyasını əsas gətirərək, ötən mövsümdən qalan məvacib borcunu bağlamır. Səbəb də o gətirilib ki, I Divizionda mübarizə yarımçıq dayandırılıb.

Futbolçular bu vəziyyətdə medallar uğrunda yarışmağın müşkül məsələ olduğunu, bununla belə, Zaqatalanın adına xatir dözdüklərini söyləyiblər. Lakin R.Məmmədov deyilənlərin həqiqət olmadığını açıqlayıb:

«Ötən çempionat martda dayansa da, biz həm bu ayın, həm də aprel və mayın maaşını almışıq. Demək olar bütün klublarda belədir – hamı 10 ay maaş verir.

Divizionda 12 ay əməkhaqqı verən klub tanımıram. Məşqləri bir də bərpa eləmişik avqustun 15-də. Yeni çempionat oktyabrda başladığından, biz də müqavilələri sentyabrdan bağladıq.

Amma sonra klubuuzun prezidenti Musa Qurbanovla danışdım, xahiş etdim ki, avqustun ortasından məşqlərə gələn futbolçuların yarım aylıq ödəmələrini verək.

Sağ olsun, sözümü yerə salmadı, o 15 günün pulu da futbolçuların kartına köçürüldü. İndi onlardan kiminsə 6 aydır əməkhaqqı almamasını iddia etməsi çox qəribədir. Axı AFFA maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etməyib.

Desəydilər ki, maaşların ödənilməsində gecikmə var, razılaşardım. Deyərdim, düzdür, pul gecikir. Amma AFFA «Zaqatala»ya heç vaxt barmaqarası yanaşmayıb və yanaşmır.

Ötən gün oktyabrın maaşını almışıq. Qarşıdakı bir həftədə də noyabrın pulunu almalıyıq. Ötən mövsüm də iki dəfə belə olub. İki ay maaş gecikib, sonra bir yerdə veriblər.

Biz də bunu anlayışla qarşılayırıq. Bilirik ki, hər şey yalnız AFFA-dan asılı deyil. onlara da pul sponsorlardan gəlir. Yenə də narazılığımız yoxdur. 6 aydan bir maaş almaq nədir… Bu, mümkün deyil.

Əgər «Zaqatala»da belə problem olsaydı, «Kəpəz», «Turan» və başqa komandalar da bununla qarşılanardı. Axı hamısı maliyyəni AFFA-dan alır və ola bilməz ki, biri vaxtında ödəmə edilsin, qalanlarına edilməsin.

Koronavirus pandemiyası hamını çətin vəziyyətə salıb, həmçinin AFFA-nı. Ancaq federasiyadan bir qram da olsa, şikayətimiz yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti