“Kəpəz” ermənilərin evlərini dağıtdığı 3 yaşlı futbolçuya yardım etdi - FOTOLAR

29 Noyabr 2020 17:50 I Divizion 646
“Kəpəz” ermənilərin evlərini dağıtdığı 3 yaşlı futbolçuya yardım etdi - FOTOLAR

Gəncədə erməni təxribatından əziyyət çəkən şəhər sakinlərindən üçü veteran futbolçudur.

Sportinfo.az xəbər verir ki, “Kəpəz”in bazasında vaxtilə komandanın şərəfini qoruyan oyunçularla görüş keçirilib.

Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyev ermənilərin oktyabrın 11-də, gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkib.

Partlayış baş verən binada yaşayan Mustafayevlə Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, mənzilləri yararsız hala düşüb. Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi ziyan görüb.

Erməni vəhşiliyi nəticəsində yaşananlar klub rəhbərliyi ilə görüşdə bir daha xatırlanıb, dinc əhaliyə yönələn terror pislənilib. “Kəpəz”in icraçı direktoru İlqar Nadiri düşmənin müharibə qanunlarına, beynəlxalq hüququn normalarına sığmayan, insanlıq əleyhinə yönələn hərbi cinayətlər törətdiyini bildirib.

O, başverənlərin Gəncə sakinlərinin mübariz ruhunu sarsıtmadığını vurğulayıb. Şanlı ordumuzun da ardıcıl qələbələri ilə insanların ruh yüksəkliyi yaşadığını, çətin günlərdə bir yumruq kimi birləşdiyini vurğulayıb.

Görüşdə klub adından veteran futbolçulara geyim dəsti hədiyyə olunub, maddi yardım göstərilib. Gündəlik həyat və məişət qayğılarının dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən sabiq oyunçular diqqət və qayğıya, dəstəyə görə minnətdarlıq ediblər.

“Kəpəz”lə yanaşı, vaxtilə müxtəlif klublarda da oynayan veteranlara klubda görülən işlərlə bağlı məlumat verilib. Baş məşqçi Yaşar Vahabzadə yeni və istedadlı gənc nəslin yetişdiyini, əsas komandanın qazandığı nəticələrlə turnir cədvəlinin üst sıralarında qərarlaşdığını və azarkeşləri sevindirdiyini qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!