"Bu mövsüm çempion olub, Premyer Liqaya vəsiqə qazanacağıq”

6 Noyabr 2020 14:40 I Divizion 648
"Bu mövsüm çempion olub, Premyer Liqaya vəsiqə qazanacağıq”

"Sumqayıt-2” üzərində qələbə (0:3) "Turan Tovuz” üçün əlaqmətdar olub.

Sportinfo.az xəbər verir ki, ikinci hissədə meydana çıxan 16 yaşlı Rəşad Əliyev "Turan Tovuz” da debüt oyununa çıxıb.

Ötən mövsümdən əsas komandaya cəlb olunan Rəşad meydana çıxmasa da, qızıl medallara sahib olan heyətdə yer alırdı. Rəşad klubun səhifəsinə öz təəssüratlarını bölüşüb:

"Turan Tovuz”da debüt etdiyim üçün çox sevincliyəm. Bu mənim ən böyük arzularımdan biri idi. İlk öncə mənə güvənən bütün məşqçilərimə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm.

Məşqlərdə səylə çalışıram ki, mənə göstərilən etimadı doğruldum. İlk oyunum idi deyə biraz həyəcan vardı. Çox çalışıb, daha çox oyunlarda iştirak etmək istəyirəm. Yay hazırlıq dövründə yoxlama görüşlərində meydana çıxıb qollar da vurmuşdum. Lakin rəsmi oyun tam fərqlidir”.

Gənc futbolçumuzun ən böyük arzularından biri də milli komandanın şərəfini qorumaqdır: ​ "Turan Tovuz”da oyuna çıxmaq arzum həyata keçdi.

Ən böyük arzum gələcəkdə əsas milli komandamızın şərəfini qorumaqdır. Komandamla Premyer Liqada çıxış etmək, daha sonra isə ölkə xaricində Vətənimi təmsil etmək istəyirəm. Bunun üçün hər gün çalışıram”.

Rəşad bu il də I divizionun favoritinin "Turan Tovuz” olduğunu qeyd etdi: "Çox gözəl, mehriban kollektivimiz var. Rəhbərlik tərəfindən də hər cür dəstək görürük. Hamı eyni amal uğrunda çalışır.

Hazırda turnir cədvəlinin zirvəsindəyik. Sərgilədiyimiz oyunla da birinci pillədə qərarlaşmağa layiq komandayıq. Ümid edirəm ki, bu mövsüm də çempion olub, Premyer Liqaya vəsiqə qazanacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti