"Açığını desəm, bu, heç cür ağlıma sığmır” - “Kəpəz”in baş məşqçisi

19 Oktyabr 2020 00:42 I Divizion 776
"Açığını desəm, bu, heç cür ağlıma sığmır” - “Kəpəz”in baş məşqçisi

Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ölkənin I divizionunda çıxış edən “Kəpəz”in bazasına ziyan dəyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a klubun baş məşqçisi Yaşar Vahabzadə danışıb.

Şənbədən bazara keçən gecə Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Zərbə “Toçka-U” kompleksindən buraxılan raketlər ilə yerinə yetirilib. Nəticədə yaşayış binası tamamilə dağılıb, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

“Kəpəz”in baş məşqçisi bildirib ki, raketlərdən biri klubun bazasının yanına düşüb, partlayış dalğası idman obyektinin inzibati binasının bütün şüşələrini qırıb.

“Gecə iki radələrində mərmi partlamasının səsini eşitdik. Bütün futbolçulara zəng edib, durumları ilə maraqlandıq. Xoşbəxtlikdən, futbolçular və onların qohumları arasında xəsarət alan yoxdur. Bəzi futbolçularımızın qonşuları yaralanıblar”, - Vahabzadə deyib.

Gərgin vəziyyətə baxmayaraq, bazar günü səhər, oktyabrın 11-də “Kəpəz”in futbolçuları öz bazalarında məşqə çıxıblar.

“Raketlərdən biri stadionumuzdan 500 m aralıya düşüb. Demək olar ki, bütün şüşələr qırıldı. Bir yerdə hətta barmaqlıqlar da çərçivədən çıxıb, çoxlu sayda qırıntılar var. Futbol bazamızın ciddi təmirə ehtiyacı var”, - Vahabzadə qeyd edib.

O həmçinin bildirib ki, komanda məşqlərini Gəncədə davam etdirəcək, amma yaxın müddətdə I divizionun oyunları bu şəhərdə keçirilməyəcək.

“Bütün gəncəlilər kimi, biz də şəhərdə qalırıq, məşqləri də öz bazamızda keçəcəyik. Amma güman ki, çempionatın ev oyunlarını başqa regionlarda keçirəcəyik.

Açığını desəm, hərbi əməliyyatlardan kənarda yerləşən şəhərin yaşayış massivlərini, özü də atəşkəs vaxtı bombardman eləmək heç cür ağlıma sığmır”, - baş məşqçi deyib.

Digər Xəbərlər
Xəbər Lenti