"Kəpəz" yenidən formalaşdırılır

26 Sentyabr 2020 18:20 I Divizion 1 206
"Kəpəz" yenidən formalaşdırılır

Oktyabrın 1-də birinci dəstədə yeni mövsümə start veriləcək.

Onu da bildirmişik ki, 2020/21 mövsümündə divizionda 10 komanda medallar uğrunda mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, onlardan 5-i əvəzedicilər, 5-i də aşağı dəstə klublarıdık. Yeni “futbol ili” ərəfəsində divizion təmsilçilərinin hazırlıq planları ilə maraqlanmağı lazım bildik.

Nazim Əliyev (Qaradağ Lökbatan): “Bildiyiniz kimi, bizim komanda başqalarından fərqli bir qədər gec bir araya gəldi. Bu üzdən heyəti komplektləşdirmək baxımından çətinliyimiz var. Düşərgəyə bir neçə yeni oyunçu dəvət etmişik, bəziləri ilə də danışıqlar davam edir. Divizionda tətbiq olunan limit işimizi bir az da çətinə salıb. Baş məşqçi olaraq mən indiki halda 3 limit haqda düşünməık məcburiyyətindəyəm. Təcrübəlilər, yəni yaşı çox olanlar, 2000 doğumlular və bir nəfər də daha yaşı ondan da aşağı olanlar. Yaxşı olardı ki, heyət təcrübəli və 2000 doğumlulardan qurulaydı. Belədə daha mübariz komanda formalaşdıra bilərdik. Yoxlama görüşlərinə gəlincə, komandanı yenidən qurmağımıza baxmayaraq, divizionun ən güclülərindən biri olan “Neftçi-2” ilə yoxlama görüşü keçirməyi lazım bildik. Daha güclü komanda ilə oyunda çatışmayan cəhətləri daha yaxşı görmək olur. Həmin matçda yenilsək də, qarşılaşma bizə çox şey verdi. Daha bir yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Ancaq rəqib müəyyənləşməyib. Rəqib tapa bilməsək, öz aramızda ikitərəfli oyun keçirəcəyik. İnanıram ki, komanda turdan-tura oyununu tapacaq”.

Yaşar Vahabzadə (Kəpəz): “Hazırlıq prosesi dövründə artıq bir yoxlama görüşü keçirmişik “Turan Tovuz”la oyunumuz 3:3 hesabı ilə başa çatıb. Tovuz təmsilçisi ilə qarşılaşmaya qədər gündə iki məşq keçirdik. Həmin matçdan sonra yükləməni bir qədər aşağı salıb bir məşq keçmişik. Heyəti komplektləşdirmək baxımından çətinlik çəksək də, geridə qalan müddətdə müəyyən işlər görməyi bacarmışıq. Heyətdə əsasən gəncəli futbolçular çıxış edirlər. Kənardan 4 oyunçu dəvət olunub. Onlardan üçü Bakıdan, biri isə Qəbələdən gəlib”.

İlham Yadullayev (Turan Tovuz): “Baş məşqçisi olduğum komanda sentyabrın 6-dan toplaşıb. İlk həftə gündə iki məşq etdik. Sonradan artıq bir məşqlə toplanışı davam etdirdik. Bu müddətdə 4 yoxlama oyunu keçirmişik. İlk oyunda bu il Region Liqasında çıxış edəcək Ağstafa “Avey”i ilə qarşılaşdıq və qalib gəldik. Ondan sonra səfərdə “Qəbələ”nin U-19 kollektivini yendik. Ötən həftənin şənbə günü Gəncədə “Kəpəz”lə heç-heçə etdik. Bu gün (dünən) isə yenidən “Avey”i sınağa çəkdik və qalib gəldik. Bununla da yoxlama görüşlərini başa vurduq. Heyəti, demək olar ki, komplektləşdirmişik. Ola bilsin, qarşıdakı günlərdə bir futbolçu komandaya qoşuldu. Hələ ki bununla bağlı son qərar verilməyib. Hamı kimi, bizə də limit problem yaradıb. Bu üzdən kənardan oyunçu dəvət etmək məcburiyyətindəyik. Yeni mövsümdə də hədəfimiz mükafatçılar sırasına düşməkdi. Bununla bağlı rəhbərliklə söhbətimiz olub. İnanıram ki, ötənilki nəticəni təkrarlaya biləcəyik” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti