"Çalışıram onları yenidən "Kəpəz"ə qaytarım"

13 Avqust 2020 17:52 I Divizion 1 340
"Çalışıram onları yenidən "Kəpəz"ə qaytarım"

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Sportinfo.az-a müsahibə verib.

- Bakıda "Kəpəz" üçün futbolçu axtardığınız deyilir. İstədiyiniz futbolçunu tapa bildiniz, yoxsa necə?

- Mənim Bakıda futbolçu axtardığımı yazıllar. Mən hörmətlə yanaşıram, amma yazılmamışdan öncə dəqiqləşdirsələr yaxşı olardı. Məsələn, indi siz necə soruşursunuz? Limitlə bağlı yeni qərar çıxdı. 2000-ci illər lazımdır. Bəli, mən də bununla əlaqədar futbolçularla maraqlanıram. Amma "Bakıda futbolçu axtarır" yazmaq bir az pis çıxır. Başqa klublarda oynayan və limitə uyğun olan Gəncə futbolunun yetirmələri var. Onlar haqqında məlumat toplayıram. Bu yöndə işlər gedir. Mən gəlmişəm hazırda Gəncədəyəm. Bu gün komanda ilə görüşəcəyəm. Burada bəzi təşkilati işlər var. Onları həll etməliyəm.

- Maraqlandığınız futbolçulardan razılaşdıqlarınız oldu?

- Bəzi futbolçular var ki, artıq onlarla danışmışıq. Qalır bəzi xırda detallar. Onlar da yaxın zamanda aydınlaşacaq.

- Deməli, maraqlandığınız razılaşdığınız futbolçular gəncəli olub, amma digər Bakı klublarında çıxış edən futbolçulardı ...

- Yox, digər klublarda çıxış edən və başqa bölgədən olan futbolçulara da maraq göstəririk. Onlarla da danışıqlarımızı aparırıq.

- Gəncə hər zaman ölkə futboluna istedadlar bəxş etmiş şəhərdi. İndi Bakıda futbolçu maraqlanmağınız bu baxımdan bir qədər normal qarşılanmadı. Ümumiyyətlə, Gəncədə futbolçu qıtlığı var, yoxsa səbəb başqadır?

- Bu yaş qrupunda "Kəpəz"in divizionda komandası yoxdur. Birinci problem budur. Mən bu komandaya gələndən sonra hazırda 6 futbolçu keçən ildən bizimlədir. Biri 2003-dü, digərləri 2001-ci illərdi. Arasında əsas heyətdə oynayanları da var, ehtiyatdan meydana çıxanı da. Bu baxımdan işimizi möhkəm tutmuşuq. Yəni komandada gəncəli futbolçular var. Yenə də istər-istəməz çatışmayan mövqelər var. Məhz o mövqelər üzrə axtarışlarımızı aparırıq ki, limitə uyğun oyunçular gətirə bilək. Bu yaş qrupunda olan gəncəli uşaqların çoxu digər komandaların heyətində 19 yaşlıların liqasında oynayırlar. Gəncədə o yaş qrupunda komandaların olmamasına görə, belə vəziyyət yaranıb. Çalışırıq o futbolçularla razılıq əldə edək.

- Aşağı yaş qruplarının yoxluğuna görə çətinlik çəkdiyiniz dediniz. Bu nə vaxta kimi belə davam edəcək?

- U-17 yaş qrupunu biz gələndən sonra bərpa etdik. U-19 yaş qrupu hələ də yoxdur. Amma yeni mövsümdən "Kəpəz"in U-19 komandasını da bərpa edirik. Bu il bu komandanın yaradılmasına nail olmuşuq.

- Artıq Gəncədə olduğunuzu dediniz. Rəhbərliklə görüşünüz olub?

- Gəncəyə dünən (söhbət dünən olub) gəlmişəm. Rəhbərliklə görüşmüşəm. Bu sadəcə ümumi söhbət olub. Futbolçularla isə bu gün görüşüm olacaq.

- Son illər mövsüm boyu "Kəpəz"in Premyer Liqaya buraxılacağı deyilir. Amma sonda bu elə söz olaraq da qalır. Belə vəziyyət komandanın motivasiyasına pis təsir etmir?

- Yox. Niyə motivasiyanı aşağı salmalıdır ki? Əksinə, hər dəfə yaxşı oynayıb sübut etmək lazımdır ki, bu komanda Premyer Liqada oynamağa layiqdir. Əksəriyyəti gənc uşaqlardı. Onlara da istər-istəməz vaxt lazımdır. Son mövsüm 5 nəfər 2001-ci il futbolçu oynatmışıq. Bu komanda üçün müsbət məqamdır. Amma boş mövqelər yenə var. Çünki limit var. Keçən mövsüm 1998-ci illlər oynayırdı. Yeni mövsüm isə 2000 təvəllüdlər oynayacaq. 6 nəfər 2000, 1 nəfər 2002-ci il, 4 nəfər yaşlı futbolçu oynaya bilər. Problemlər limitin olması ilə bağlıdır. U19 komandası olanlar da problem yoxdur. Çünki ordan futbolçu götürə bilirlər. O yaşda ya əsas komandaya, ya da əvəzedici komandaya yüksəlirlər. İkisindən biri olur. Bizdə isə bu yaş qrupu olmadığı üçün çətinlik yaranır.

- Kənardan gələn futbolçuların Gəncədə yerləşdirilməsi problem yaratmır?

- Çalışırıq ki, klub tərəfindən çağırılan futbolçuların qalmasını, qidalanmasını təmin edək. Bundan öncəki çempionatda 6-7 belə oyunçumuz vardı. Aralarında Qəbələdən, Bakıdan, Sumqayıtdan olanlar vardı. Onların bütün problemləri klub tərəfindən həll olunmuşdu. Bu baxımdan heç bir narahatlıq yoxdur. Bu mövsüm də gözlənilir ki, kənardan bəzi futbolçular dəvət edək.

- Düşünmürsünüz ki, "Kəpəz"in gəncəli futbolçulardan formalaşması daha faydalı olardı?

- Əlbəttə. Gəncədə yaxşı uşaqlar çoxdur. Kənarda olan futbolçularımız var. Digər klubların aşağı yaş qruplarında çıxış edirlər. Çalışıram onları yenidən doğma klubları olan "Kəpəz"ə qaytarım. Nə qədər yerli futbolçu çox olarsa, bir o qədər yaxşıdır. Həm qalmaqları,rahatçılıqları baxımından, həm də öz doğma şəhərin komandasıdır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"