Futbolu barmğına dolayan Elxan Məmmədovdan NÖVBƏTİ ÖZBAŞINALIQ

13 Avqust 2020 13:12 I Divizion 1 635
Futbolu barmğına dolayan Elxan Məmmədovdan NÖVBƏTİ ÖZBAŞINALIQ

İstənilən sahədə aparılan islahat o sahənin inkişafına təkan verməlidir.

Ancaq bəzən elə olur ki, həyata keçirilən islahat həmin sahənin inkişafına şərait yaratmaq əvəzinə onu daha da geri salır, yeniliklər əks effekt verir.

Bu yöndə AFFA əvəzolunmazdı. Bu günə kimi assosiasiya rəhbərliyinin futbolun inkişafını düşünürək atdığı addımların əksəriyyəti Azərbaycanda “idmanın şahı”nın gələcəyini sual altına qoyub.

Sportinfo.az xəbər verir ki, son illər AFFA-nın divizionda tətbiq etdiyi limit çox söz-söhbətə səbəb olub. Bir çox mütəxəssislər gənclərin inkişafı naminə atılan bu addımın effekt vermədiyini dəfələrlə mediada, telekanallarda dilə gətiriblər.

Ancaq kor tutduğunu buraxmadığı kimi, assosiasiyanın başbilənləri də bu mərəzdən əl çəkə bilmirlər. Hər il limitə barmaq edirlər, süni yaşazaltmaya getməklə bir çox gəncləri futboldan uzaqlaşdırırlar.

Bu yarıtmaz siyasət bir qədər də davam etsə, ölkədə futbolçu tapmaq çox çətin olacaq, peşəkar status daşıyan birinci divizion aşağı yaş qruplarının çempionatına çevriləcək.

Divizionda yaşla bağlı limitin 2020/21 mövsümündə də tətbiq olunacağı gözlənilir. Artıq bununla bağlı aşağı liqada çıxış edəcək komandalara məktub ünvanlanıb.

Əldə etdiyimiz məlumata görə, yeni qaydaya əsasən qarşıdakı “futbol ili”ndə divizion təmsilçiləri meydana 2000-ci ildən yuxarı 6 futbolçu buraxmağa məcburdu ki, onlardan biri mütləq 2002 və 2003-cü il olmalıdı.

Əsas heyətdə yaşı 20-ni ötmüş yalnız 4 oyunçu yer ala bilər ki, onlardan da ikisinin legioner olmasına icazə verilir. Qərardan da göründüyü kimi, süni yaşazaltma divizionu az qala uşaq baxçasına çevirib.

Belə çıxır ki, 1998 və 1999-cu il doğumlu və həyatının 8-10 ilini futbola həsr etmiş gənc bu yay hansısa premyer-liqa klubuna düşə bilməyibsə, artıq butslarını mismardan asmaq məcburiyyətindədi. Elitada cəmi 8 komandanın çıxış etdiyini nəzərə alsaq, qeyd etdiyimiz təvəllüdlü gənclərin 70-80 faizinin premyer-liqadan kənarda qalacağı başadüşüləndi.

Elita sınaq laboratoriyası deyil ki, gənclərə özünü göstərmək üçün şərait yaradılsın. Orda hazır, bərkə-boşa düşən futbolçular çıxış etməlidi. Gənclər isə öncə divizionda “bişməli”, orda özünü göstərəndən sonra artıq üst səviyyəyə qalxmalıdı.

Ancaq təəssüf ki, yarıtmaz islahatlar nəticəsində 21-22 yaşlı gənc bu imkandan məhrum olur. Bəs onlar nə etsinlər, dərdlərini kimə söyləsinlər? Ölkənin futbol təsərrüfatına rəhbərlik edənlərin düşünülməmiş siyasəti nəticəsində yüzlərlə gənc karyerasını başlamamış bitirmək məcburiyyətindədi.

Elxan bəy və bu limit məsələsini gündəmə gətirən ağıllılar hər dəfə ağızlarını açıb danışanda futbolumuzu Avropa səviyyəsinə çatdırmaq istədiklərini söyləyirlər.

İndi onlara sual verən lazımdı ki, bəyəm “köhnə qitə”də gənc oyunçulara münasibətdə belə amansız soyqırım törədilir? Avropanın əksər ölkələrində hətta U-23 liqası təşkil olunur ki, istedadı olub potensialını 21-22 yaşa kimi aça bilməyənlər orda özlərini göstərsinlər, daha bir şans qazansınlar.

Ancaq bizdə hər şey tərsinədi. Bir tərəfdən deyrik ki, oynatmağa futbolçumuz yoxdu, digər tərəfdən də onları beşikdəcə boğuruq. Tətbiq olunan limit məşqçilərə də çətinlik yaradıb.

Bizə çatan bilgiyə görə, divizion klublarını çalışdıran mütəxəssislər hazırda 2000 və ondan aşağı doğumlu futbolçu “ovu”na“çıxıblar. Aşağı dəstədə çıxış edən elita klublarının əvəzedici komandaları yenə bu yöndə çətinliklə də olsa, çuvallarını sudan quru çıxara bilirlər. “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” kimi komandaların durumu isə acınacaqlıdı.

Sözügedən məsələdə diqqəti çəkən daha bir məqam İcraiyyə Komitəsinin (İK) qərarı olmadan yeni yaş limititnin tətbiq olunmasıdı. Adətən, belə məsələlər İK-nın iclaslarında müzakirəyə çıxarılır və komitə üzvlərinin “xeyir-dua”sından sonra klublara məktub ünvanlanır.

Bu dəfə isə başbilənlər İK-nın toplanıtısını gözləmədən artıq yeni qərarla bağlı klub rəsmilərini xəbərdar ediblər. Belə çıxır ki, İK-nın iclasları, sadəcə, formallıq xatirinə keçirilir. Yəni Elxan Məmmədov belə məsləhət görübsə, komitə üzvləri “ləbbeyk” deyib, onun istədiyi qərarın lehinə əl qaldırmalıdılar.

Yeni tətbiq olunacaq limitlə bağlı “Kəpəz”in baş məşqçisi Yaşar Vabahzadənin fikirlərini öyrənməyi lazım bildik: “Təbii ki, elita klublarının əvəzedici komandaları ilə müqayisədə bizə limitə düşən futbolçu tapmaq çətindi. Çünki divizion təmsilçilərinin aşağı yaş qrupları yoxdu.

Premyer-liqa klubunun U-19-unda oynayan futbolçu çox asanlıqla “ikincilər”in heyətində divizionda çıxış edə biləcək. Bəs biz nə edək? Mən yenə ötən il işimi bir qədər ehtiyatlı görüb, komandaya 2001-03 doğumlu uşaqlar dəvət etmişdim.

Bu il onların xidmətindən yararlanacam. Bu, ümumi problemdi. Bir də hansısa gəncin inkişafını düşünürüksə, mütləq onun yanında təcrübəli futbolçular oynamalıdı ki, həmin uşaq onlardan nəsə öyrənsin” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!