"Daha sponsor axtarmırıq, bizim zonada imkanlı adam yoxdur"

27 İyul 2020 20:00 I Divizion 1 204
"Daha sponsor axtarmırıq, bizim zonada imkanlı adam yoxdur"

«Həmişə necə, bundan sonra da elə – yolumuza davam edəcəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizionda son mövsümü 3-cü yerdə bitirən şimal təmsilçisi Rüstəm Məmmədovu baş məşqçi postunda saxlayıb. Klub rəhbəri 2 ildən artıqdır komandanın sükanı arxasında dayanan gənc mütəxəssisin fəaliyyətindən razı olduğunu bildirib.

O qeyd edib ki, «Zaqatala»nın iddiasını artırması sponsorlardan asılıdır, hazırda isə AFFA-dan başqa heç kim kollektivə dəstək vermir: «İlk illər kənardan bir az kömək var idi.

Müraciət etdiyimiz iş adamları komandaya vəsait ayırırdı. Onların hesabına Bakıda toplanış keçə bilmişdik, Oyunlara mükafat qoyurduq, bəzi başqa çatıışmazlıqları aradan qaldırırdıq. Həmin adamlar da böyük biznesmen deyildi. Sonra bu da dayandı.

İndi kömək ancaq AFFA-dandır. Belə görürəm ki. yaxın illərdə də başqa sponsor tapılmayacaq. Ümumiyyətlə, bizim zonada güclü iş adamı yoxdur. Futbola həvəs göstərənlər var, ancaq onların da imkanı o dərəcədə deyil.

Açığı, daha sponsor axtarmırıq. Olmayan şeyi boş yerə niyə axtaraq? Komandadır, AFFA-nın hesabına yaşayır. Üstünlüyü gənclərə vermişik. Çalışırıq ki, heç olmasa, Zaqataladan istedadlı uşaqlar çıxsın. Rüstəm Məmmədov da cavan məşqçidir, öz üzərində işləyir».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!