AFFA-nın adamı AFFA-nın özündən narazıdır – KƏSKİN AÇIQLAMA

23 İyul 2020 20:40 I Divizion 1 322
AFFA-nın adamı AFFA-nın özündən narazıdır – KƏSKİN AÇIQLAMA

PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov qəzetimizə açıqlamasında birinci divizionun çempionu “Turan Tovuz”un kubok və medallarını Bakıda təqdim edəcəklərini bildirdikdə Oqtay Abdullayev buna etiraz etmişdi.

Tovuz klubunun Müşahidə Şurasının sədri Abbasovun açıqlamasına qarşılıq olaraq, PFL rəsmilərini Tovuza dəvət etmiş, son 4 ildə iki dəfə divizionun qalibi adını qazanmış komandanın təltifat mərasiminin rayonda keçirilməsini təklif etmişdi.

Sportinfo.az xəbər verir ki, sonda hər şey PFL-in istədiyi kimi oldu. Qərblilərin Müşahidə Şurasının sədri, baş məşqçi və kapitan ötən həftə AFFA-ya dəvət olundular və medallar da orda təqdim olundu. Məsələ ilə bağlı dünən yenidən Oqtay bəyin fikirlərini öyrənməyi lazım bildik (Futbol+):

“Mən yenə o fikirdə qalıram ki, mükafatlar Tovuzda verilməliydi. Bunu qəzetiniz vasitəsi ilə aidiyyatı orqanlara çatdırmışdım. Ancaq PFL rəsmiləri ilə söhbətdə bildirdilər ki, həm ölkədəki karantin rejiminə, həm də ötən həftə Tovuzda yaşananlara görə mükafatlandırmanı bölgədə keçirmək qeyri-mümkündü. Bu üzdən mükafatlar Bakıda təqdim olundu”.

“Turan “Tovuz”un Müşahidə Şurasının sədri, eyni zamanda Veteranlar İttifaqının prezidenti ilə söhbətdə yığmanın baş məşqçisi postuna Canni De Byazinin təyin olunmasına da toxunduq:

“Yeni baş məşqçi Canni De Byazi mətbuata açıqlamasında Azərbaycan yığmasında potensiallı futbolçuların çıxış etdiyini bildirib. Çox gözəl, çox pakizə. Vurğulayıb ki, 3 ay yığmanın oyunlarını izləyib.

Bilirəm ki, AFFA tərəfindən onun qarşısına müəyyən şərtlər qoyulub. Çox istərdim ki, onun müqaviləsinə daha bir şərt əlavə olunsun. Azərbaycanlı futbolçuların Avropa klublarına keçidində vasitəçilik etsin.

Demirlər ki, nüfuzlu məşqçidi, Avropada hörməti var? Bundan istifadə edib bizimkiləri də “köhnə qitə”nin demirəm top-klublarına, heç olmasa, ortabablarına yerləşdirsin. Bu həm onun özü, həm də futbolumuz adına faydalı olar.

Heç kimə sirr deyil ki, futbolçu Avropada legioner həyatı yaşayacağı halda daha çox “artırıracaq”, nəinki bizim premyer-liqada oynamaqla. Heç olmasa, ondan belə xeyir görək.

Bu günə kimi gələnlərin hərəsi bir “nağıl danışıb” və gedib, ortada isə heç nə yoxdu. İtirən isə bizik - həm maddi, həm də mənəvi planda. İtalyan çalışdırıcının qarşısına bu şərti də qoymaq vacibdi. Belə etsə, onda mən də ona “bərəkallah” deyərəm”.

Veteranlar İttifaqının prezidenti indiki məqamda millinin “sükan”ının əcnəbi mütəxəssisə tapşırılmasının əleyhinə olduğunu da vurğuladı: “Fikrimcə, hazırkı durumda yığmanın baş məşqçisi postuna əcnəbi mütəxəssisin təyin olunması düzgün addım deyil. Nəyə görə?

Birincisi, pandemiya ilə bağlı martdan bəri ölkədə futbol yoxdu. Nə klublar meydana çıxır, nə də milli qeyri-rəsmi də olsa, yoxlama görüşündə gücünü sınayıb.

Ölkə faktiki 5 aya yaxındı futbolsuzdu. İtalyan mütəxəssis qısa vaxtda Azərbaycan futbolu haqda hansı bilgini toplaya biləcək, futbolçuları necə tanıyacaq? Bir-iki oyunu izləməklə yığmanı formalaşdırmaq mümkün deyil.

İkincisi, artıq neçə illərdi - Qurban Qurbanovun birillik fəaliyyətini çıxmaq şərtilə - ölkənin əsas komandasının “sükan”ı əcnəbi mütəxəssisə tapşırılır. Əvəzinədə nə görürük? Yenə komandamız qrup sonuncusu olmamaq uğrunda mübarizə aparır.

Sonuncu tsikldən heç danışmağa dəyməz, biabırçılığı hamı gördü. Bir yerdə ki, əcnəbi məşqçilərdən xeyir görmürük, onları yalandan dəvət edib, yüzminlərlə vəsaiti havaya sovurmağın nə mənası var? Nə vaxta kimi o, bu gəlib Azərbaycanda heç bir nəticə qazanmadan, futbolumuza xeyir vermədən cibini doldurub evinə yollanacaq?

Xırda, ani uğurlarla azarkeşləri aldatmağın zamanı geridə qaldı. İcraiyyə Komitəsinin son iclasında futboldan anlayışı olan üzvlər boş yerə Arif Əsədovun namizədliyini dəstəkləmədilər ki... Onlar real durumu bilirlər və yaxşı başa düşürlər ki, əcnəbi mütəxəssislə heç nəyə nail ola bilməyəcəyik.

Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov kimi tanınmış veteranlarımız, olimpiya çempionumuz Fərid Mansurov və təhsil nazirinin müavini, vaxtilə Gənclər və İdman Nazirliyində çalışmış Firudin Qurbanov yerli məşqçinin lehinə səs veriblər.

Bu onu göstərir ki, idmanda, futbol sahəsində çalışmış insanlar futbolumuzun bugünkü durumundan xəbərdardılar və irəli getmək üçün yerli mütəxəssisə ehtiyac duyulduğunu görürlər.

Üçüncü və ən əsas məqama da toxunmaq istəyirəm. Karlos Alberto Torresdən başlayaraq, Berti Foqtsun, Robert Prosineçkinin, Nikola Yurçeviçin köməkçilərindən biri azərbaycanlı məşqçi olub.

Onları ora təyin edəndə deyirdilər ki, bizim məşqçilər həmin əcnəbilərdən öyrənsinlər, təcrübə toplasınlar ki, gələcəkdə lazımi kadr kimi onların xidmətindən yararlanaq. Bəs nə oldu?

Elxan Abdullayev, Mahmud Qurbanov, Arif Əsədov, Nazim Süleymanov, Vəli Qasımov köməkçi-məşqçi funksiyasını yerinə yetiriblər, bu gün baş məşqçi olmaq üçün lazımi savad və biliyə sahibdilər. Ancaq onlara yenə şans vermirlər, güvənmirlər.

Belə çıxır ki, bizimkilər bu illər ərzində heç nə öyrənə bilməyiblər? Məncə, hər şey əksinədi. Arif, Mahmud, Elxan, Vəli, Nazim – hər biri bu gün ölkənin əsas komandasını çalışdıra bilərlər.

Onlardan başqa PRO kateqoriyalı nə qədər məşqçimiz var. Yunis Hüseynovun adını çəkə bilərəm. Yenə deyirəm, özümüzkülərə güvənmək, işləmək, özünü göstərmək üçün imkan yartmalıyıq. Sadəcə, nədənsə bu addımı atmaq istəmirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!