“Nəyə görə “Zaqatala”nın adı heç çəkilmir, ancaq Gəncə və Tovuz deyilir?"

25 İyun 2020 21:00 I Divizion 3 684
“Nəyə görə “Zaqatala”nın adı heç çəkilmir, ancaq Gəncə və Tovuz deyilir?"

Sportinfo.az xəbər verir ki, növbəti dəfə bölgə klubları Premyer Liqaya buraxılmadı.

Bütün mövsümü “Kəpəz” və “Turan Tovuz”un əsas çempionata gələcəyi iddiası ilə keçirsək də, bu dəfə də alınmadı.

AFFA Lisenziya Komissiyasından verilən açıqlamada divizion təmsilçilərinin premyer-liqaya uyğun görülmədiyi bildirildi. Artıq birinci dəstənin formal olaraq keçirildiyi dəqiqdi. Barı ölkədə iki liqa olsun deyib, divizionu saxlayıblar. Onsuz da nə onunla maraqlanan, nə də ciddiyə alan var. Neçə ildi çempion komanda premyer-liqaya gələ bilmir. Hər dəfə də eyni problem: maliyyə. Əslində problem heç vaxt həll edilməyəcək qədər böyükdü. Çünki federasiya oturub bölgə klublarının yaxşı sponsor tapmasını gözləyir. Bu isə heç vaxt baş verməyəcək. Çünki Azərbaycanda futbola yatırım etmək pulundan bezmək deməkdi. Bir qəpik belə gəlir yeri olmayan sahəyə kimsə milyonlar ayırmaz. AFFA da bunu yaxşı bilir. Özləri də bu komandaların əsas liqaya gətirilməsinə meyilli olmadıqları üçün divizion təmsilçilərinə premyer-liqa yolu açılmamaq üzrə bağlanıb. Sadəcə, ara-sıra gündəm dəyişilir, bu komandalardan istifadə edilir. Necə ki, bütün mövsümü “Kəpəz”lə “Turan Tovuz”un premyer-liqaya gələcəyi ilə keçirmişiksə, bundan sonra da eynilə o cür olacaq. Hərçənd hazırda federasiyaya bağlı iki komandanın elitaya gətirilməsi ölkə futbolu adına heç nəyi dəyişməyəcək. Ancaq ən azı bir az rəng qatılardı, divizionda çalışanların, oynayanların əməyi boşuna getməzdi… Hazırda ölkə futbolu “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi ilə idarə olunur. Biz dəfələrlə buna etiraz edib, təpki göstərmişik. Ən yüngül formada idman prinsiplərinin pozulması kimi şərh etmişik. Ancaq faydası yoxdu. Yenə köhnə hamam, köhnə tas.

Maraqlıdı, divizionda mübarizə aparan bölgə klubları bu haqda nə düşünür? Liqanı çempion kimi tamamlayan “Turan Tovuz”, üçüncü “Zaqatala” və Ramin Musayevin premyer-liqaya gətiriləcəyini xüsusi vurğuladığı “Kəpəz”. Hər üç klubun məsələ ilə bağlı fikirlərini öyrəndik (Futbol+).

Oqtay Abdullayev (Turan Tovuz): “Bu qərarı heç cür gözləmirdik. Hamı bunu xəstəliklə əlaqələndirir. Bu səbəbdən buraxılmadığımız deyilir. Mən hamıdan çox istəyirdim premyer-liqaya gəlməyi. Bu gün bunun üçün dava da edirəm, sözümü də deyirəm. Pul olsaydı, bizə kömək edilsəydi, işimiz alına bilərdi. Çünki bizdə problem yalnız maliyyədi. Təəssüf ki, belə qərarlar komandaya təsir edir. Bu gün biz çempion olub premyer-liqaya gəlmiriksə, hamı məyus olur. Futbolçular, azarkeşlər üçün bu, çox pis haldı. Sanki çempionluq bir növ mənasız olur. Oyunçularda inam itir. Elə təkcə Tovuzdan götürək, iş adamları istəsə, canları yansa, problem həllini tapar. Bu şəhərdə stadion, yaxşı komanda var. Əslində burda AFFA nə etsin? Ramin Musayev nə deyirsə, özü cavabdehdi. Xəstəlik olmasaydı, AFFA-nın İcraiyyə Komitəsi gələn ildən çempionatda 10 komandanın olmasını planlaşdırırdı. Ancaq xəstəlik oldu və neftin qiyməti aşağı düşdü. Bu səbəbdən də alınmadı. Bunlar baş verməsəydi, federasiyanı qınaya bilərdik. Yaxşı olar ki, bizim də “Qarabağ”, “Qəbələ” kimi sponsorumuz olaydı. O zaman bütün problemlər həll olunardı. O vaxt sponsorlar yaxşı pullar qoysa da, xeyri olmadı. İş adamları da istəyir ki, qazanc bir yana, heç olmasa, qoyduqları pulu götürə bilsinlər”.

Yaşar Vahabzadə (Kəpəz): “Əvvəldən bizə kim demişdi ki, “Kəpəz” premyer-liqaya gələcək? Bizə belə bir söz deyilməmişdi. Birincisi, biz bunun üçün uyğun yer tutmalıydıq. Premyer-liqaya gəlmək üçün üst sıralarda olmalısan. Düzdü, söz-söhbət var idi, yazırdılar, danışılırdı. Bir dəfə Ramin Musayev belə bir açıqlama vermişdi. O da sonradan bəlli oldu ki, anlaşılmazlıq olub. Əlbəttə, biz bütün gücümüzlə mübarizə aparırdıq. Hər komanda kimi, “Kəpəz” də əsas çempionatda olmaq istəyir. Xüsusən də Gəncə kimi yerdə. Buranın həmişə yaxşı komandası və azarkeşi olub. Gəncə futbolunun böyük tarixi var. Məndən bütün azarkeşlər soruşurdular ki “premyer-liqa olacaq?” Cavab verirdim ki, “axırını gözləyək, görək nə olur”. Axırı da oldu pandemiya. Ola bilər ki, lisenziya məsələsi buna mane olub, ola bilər, xəstəlik təsir edib. Martdan bu proses gedir. Bu gün hər yerdə iqtisadiyyat dayanıb, yenidən karantin rejimi elan olunub. Bunlar hamısı təsirini göstərdi. Qərarın futbolçulara çox da mənfi təsir edəcəyini düşünmürəm, yenə də oynayacaqlar. Bizdə 4 nəfərdən başqa, hamısı gənc futbolçulardı. Gələn il yenə də yəqin ki, divizionda olacağıq. Təki vəziyyət düzəlsin, məşqlərə başlayaq. Qoy heyətdəki gənclərimiz bir az da oynasınlar, təcrübə qazansınlar”.

Rüstəm Məmmədov (Zaqatala): “Biz artıq neçə ildi bunun şahidi oluruq. Onsuz da əvvəldən fikirləşirik ki, özümüzü yaxşı tərəfdən göstərsək, bəlkə sponsor tapıldı. Mövsümə başlamazdan əvvəl bizə şərtləri deyirlər: büdcə, sponsorlar və s. Biz futbolçuları belə motivasiya edirik ki, “siz yaxşı oynayın, premyer-liqada mübarizə aparan komandaya gedin”. Buna görə də motivasiya baxmından problem yaşamırıq. Ancaq biz məşqçilər üçün də maraqlıdı. Mən artıq iki ildi divizionda çalışıram. Nə qədər burda işləsək də, premyer-liqa başqadı. Əlbəttə, orda çalışmaq, özümüzü yoxlamaq istəyirik. “Zaqatala” hazırda 3-cü görünsə də, əslində ikinci pillədə olmalıyıq. Çünki bizdən yuxarıdakı “Səbail-2” bir oyun artıq keçirib. Həmin görüş də “Ağsu”ya qarşıdı. Bu komanda olmadığı üçün “Zaqatala”ya da 3 xal veriləcəkdi. Bu halda isə biz ikinci pilləyə yüksəlirik. Çempionata başlayandan məqsədimiz birinci yer olub. Yalnız çempion olandan sonra premyer-liqa barədə danışa bilərdik. Pandemiya dövründə isə, ümumiyyətlə, bununla bağlı danışmaq olmur. Açığı, məni narahat edən başqa məqam var. Bunu indiyə qədər heç vaxt deməmişəm, amma bu dəfə deyəcəm. Nəyə görə “Zaqatala”nın adı heç çəkilmir, ancaq Gəncə və Tovuz deyilir? Biz isə heç kimin ağlına gəlmirik. Burda hər cür şərait var: uşaq komandası, satdion və s. Ancaq Zaqatalanın adı heç kimin ağlına gəlmir. Bizdən arxada olan Gəncə təmsilçisinin adı çəkilir, bizim isə yox. Sözsüz, bölgə klublarının premyer-liqada olmasının əleyhinə deyilik. Lakin bütün məsələlərdə Gəncə və Tovuzun adının çəkilməsi bizə də, oyunçulara da təsir edir. Belə çıxır ki, bura boş yerdi, biz də heç kimik? Çox şükür, bu günə qədər komandanın adı heç bir xoş olmayan olayda hallanmayıb. Hansısa danışılmış oyunla və bu kimi pis hallarla üzləşməmişik. Heyətə oyunçu cəlb edəndə ən xırda detalına kimi araşdırırıq. Ki, gələcəkdə bizə problem yaratmasın. Bilirsiz ki, danışılmış oyunlar divizionun bəlasıdı. Mən bu şeylərin çempionatda olmasına görə çox üzülürəm. İstəmərik ki, bizdə də belə hallar olsun. Bunun üçün maksimum səy göstəririk. Ancaq yenə də adımız heç yerdə yoxdu, çəkilmir. Təəssüf ki, Zaqatalda görülən işlər heç yerdə müzakirə olunmur. İstəyirik ki, “Zaqatala” yer tutubsa, adımız çəkilsin. Və kim haqq edirsə, o getsin premyer-liqaya. Çempionatdakı nəticlərimizə baxın, “Turan Tovuz”u 3:0, “Kəpəz”i 5:0 udmuşuq. Heç kimə yuxarıdan aşağı baxmırıq. Sözsüz, “Turan Tovuz” çempionluğu haqq edir. Amma orda olan söz-söhbətləri bilirsiz. Bizim üçün də təəccüblü oldu. Tanıdığımız uşaqlardan belə şeylər eşitdik. Mən istəmərəm ki, danışılmış oyunlar divizionun səviyyəsini aşağı salsın. Çünki burda çox istedadlı futbolçular var və əminəm ki, onlar yaxın gələcəkdə premyer-liqada olacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu